İslamda “Mərcəiyyət” prinsipi 4-cü hissə - Mərcəiyyətin dəlili

Bu yazıda mərcəlik vəzifəsinin rəhbərlik məqamı kimi olmasını, əqli arqumentlərə istinad etmədən, hədislər və təhlillər əsasında sübut etmək istəyirik. Çünki baxmayaraq ki, heç şübhəsiz əqli arqumetlər, mərcəi-təqlidin zəruri olmasını və vacibliyini isbat edir, lakin bu məqamın ilahi bir məqam olmasını sübut etmək üçün, etibarlı hədislərə istinad etmək lazımdır.

İlk və mühüm dəlil İmam Zaman (ə) tərəfindən İshaq bin Yəquba yazılmış və göndərilmiş müqəddəs toqi və məktubdur. Bu məktub, Mərcəi-təqlidlik məqamının imamət prinsipinin davamı olaraq tanıtdırılması üçün açıq-aşkar dəlildir.

Bu hədis bizə iki sənədlə çatır. Onlardan biri Şeyx Səduqun, digəri isə Şeyx Tusinin vasitəsilə yetişir. 

Xatırladaq ki, bu hədisi Şeyx Təbərsi də “Əl-İhticac” kitabında mürsəl olaraq, rəvayət edib. Lakin böyük ehtimala əsasən, Şeyx Təbərsi, Şeyx Səduqun ya Şeyx Tusinin rəvayət etdiyi sənədə istinadən öz kitabında yazıbdır. 

Hər iki sənədlə hədisin lazım olan hissələrini diqqətinizə çatdırırıq:

Şeyx Səduq “Kamalud-din” kitabında belə yazır: “Bu hədisi mənə Muhəmməd bin Muhəmməd bin İsam Kuleyni (Allah ondan razı olsun), Muhəmməd bin Yəqub Kuleynidən rəvayət etdi ki, o bu hədisi İshaq bin Yəqubdan rəvayət edir.” (Onun dediyinə əsasən, İshaq bin Yəqub Kuleyni belə dedi: "(İmam Zamanın ə ikinci naibi) Muhəmməd bin Osman Əmridən (Allah ondan razı olsun) istədim ki, mənə qaranlıq qalan bir sıra sualların cavabını İmam Zamandan (ə) alıb mənə göndərsin. Mövlamız İmam Zaman (ə.f) tərəfindən, O cənabın öz xətti ilə olan məktub mənim əlimə çatdı... 

Şeyx Tusi “Əl-Ğeybət” kitabında yazır: “Bu hədisi Şeyxlərimin (ustadlarımın) bir neçəsi Cəfər bin Quləveyh, habelə Əbu Ğalib Zurari və başqa ravilərdən, onlar da Muhəmməd bin Yəqub Kuleynidən rəvayət edir. (Onun dediyinə əsasən, İshaq bin Yəqub Kuleyni belə dedi: "(İmam Zamanın (ə.f) ikinci naibi) Muhəmməd bin Osman Əmridən (Allah ondan razı olsun) istədim ki, mənə qaranlıq qalan bir sıra sualların cavabını İmam Zamandan (ə) alıb mənə göndərsin. Mövlamız İmam Zaman (ə.f) tərəfindən, O cənabın öz xətti ilə olan məktub mənim əlimə çatdı...  

İshaq bin Yəqub, İmam Zamanın (ə) ikinci naibi Muhəmməd bin Osmana məktub göndərib, müxtəlif suallar barədə İmam Zamana (ə.f) müraciət edir. Onlardan biri də, budur ki, sizin uzun müddətli qeybət dövründə, sizə əlimiz çatmadığı bir zamanda sizdən soruşmalı lazım olan suallarımızı kimdən soruşaq?

İmam (ə.f) bütün sualları bir məktubda öz xətti ilə yazıb, İshaq bin Yəquba göndərir. Bu sualın cavabında İmam (ə) belə buyurur: “Allah səni hidayət etsin... Amma qarşınıza çıxan hadisələrdə, bizim hədisimizin ravilərinə müraciət edin. Onlar mənim tərəfimdən sizə höccətdir. Mən də onlara Allahın höccətiyəm.

 

 

 

 

Ardı var…