Dünya liderləri İran münaqişəsinə görə həyəcan təbili çalır

Dünya ölkələri liderləri Yaxın Şərqdə gedən hərbi münaqişə nəticəsində qlobal iqtisadiyyata dəyən ziyanla bağlı həyəcan təbili çalır. 

Britaniya baş naziri Kir Starmer aprelin 1-də keçirdiyi mətbuat konfransında ABŞ və İsrailin İrana qarşı apardığı hücumlara ölkəsinin qoşulmayacağını deyib. 

O, münaqişənin Britaniyaya da dolayı yolla təsir etdiyini etiraf edib.

“Britaniyada yaşayış xərclərini azaltmağın ən yaxşı yolu Yaxın Şərqdə gərginliyin azaldılmasına və enerji üçün çox vacib bir yol olan Hörmüz boğazının yenidən açılmasına təkan verməkdir. Bu məqsədlə, biz mövcud olan hər bir diplomatik yolu araşdırırıq,” - baş nazir qeyd edib. 

Budan bir gün öncə ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında Britaniya da daxil olmaqla müttəfiq ölkələri ABŞ-yə dəstək olmamaqda günahlandırmış və özlərinin Hörmüz boğazını açmalı olduğunu qeyd etmişdi. 

Starmer jurnalistlərdən birinin Trampın tənqidi ilə bağlı sualına cavabda deyib ki, ölkəsi ABŞ-nin “təzyiqlərinə boyun əyməyəcək”. 

Eyni gündə Avstraliya baş naziri Entoni Albaniz də videomüraciət edərək xalqa “aylarla davam edə biləcək iqtisadi şoklarla bağlı” xəbərdarlıq edib.

O, avstraliyalıları avtomobillərinə az benzin vurmağa və mümkün olduqca ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. 

Bundan öncə isə İtaliyanın müdafiə naziri Cuido Krosetto “La Repubblica” qəzetinə müsahibəsində münaqişənin təsirlərinin bütün dünyada hiss ediləcəyindən qorxduğunu deyib. 

"Mən bu müharibəni və onun mümkün nəticələrini günün 24 saatı yaşayıram. İşimin təbiətinə görə, yata bilməməyimə səbəb olan məlumatlara çıxışım var. Önümüzdəki həftələrdə baş verə biləcək hadisələrdən, eləcə də bunun iqtisadiyyata və gündəlik həyata təsirindən qorxuram", - o bildirib.

Fevralın 28-dən bəri ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirir. 

İran eyni zamanda dünya neft tədarükünün 20 faizinin həyata keçdiyi Hörmüz boğazını da əksər ölkələrin tankerlərinə bağlayıb. Bunun nəticəsində dünya bazarlarında neftin qiyməti artıb. Ekspertlər idxalçı ölkələrdə neft qıtlığının ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. 

İranın Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, İranda hücumlar nəticəsində 1900-dan çox mülki şəxs ölüb, 20 mindən çoxu isə yaralanıb.