Fermerlər narazıdır: “Xaricdən soğan gətirməyə ehtiyac yoxdur”

Qazaxıstan bu il Azərbaycan və Gürcüstana 160 min ton soğan ixrac edəcək. Bunu Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov bildirib. Qazaxıstan əvvəlki illərdə 180 min ton soğan ixrac edib. Beləliklə, bu il ixracın həcmi azalıb.

Builki mövsümdə bütün dünyada, eləcə də Azərbaycanda soğan ucuzlaşıb. Fermerlər məhsul satmaqda çətinlik çəkiblər, bir neçə fermerin tonlarla soğanı xarab olub.

Fermer Hüseyn Musayev Meydan TV-yə bildirib ki, soğana çəkilən xərc ildən-ilə artır. Məhsul bol olduğundan alıcı tapa bilmirlər, təklif edilən məbləğ isə çəkilən xərcləri qarşılamır. Bir çox fermer məhsulu maya dəyərindən aşağı satmaq istəməyib:

“Dərmandan tutmuş suvarmaya qədər xərclər artıb. Məhsul saxlamaq üçün anbarların təklif etdiyi qiymət isə sərfəli deyil. Kim əziyyətlə başa gəlmiş məhsulunu çölə atmaq istəyər”,-fermer deyib.

Azərbaycan özünü yerli istehsal hesabına təmin edə bilir. Soğan istehsalının əsas hissəsi Bərdə və Ağdamın payına düşür. Fermerlər hesab edirlər ki, soğanla təminat yüz faizdirsə, xaricdən məhsul gətirilməsinə ehtiyac yoxdur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, Azərbaycan tərəvəz məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəyə bilər. Rəsmi statistikaya görə, bu ilin ilk rübündə ölkəyə 141 min ton meyvə-tərəvəz idxal olunub. Azərbaycan 111 min ton meyvə-tərəvəz ixrac edib. Əvvəlki illərdə daha çox ixrac edilirdisə, indi əksinə idxal artıb.

“Ölkədə yetərincə soğan istehsal edilir. Amma istehsal zamanı aqrotexniki qaydalara əməl olunmur. Su, dərman preparatları çatışmazlığı var. Gətirilən dərmanın, gübrənin keyfiyyəti aşağıdır. Yaxşı, sağlam soğan yetişdirmək üçün fermerlər lazım olan keyfiyyətli istehsal vasitələri ilə təmin edilməlidirlər”,-Məhərrəmli bildirib.

Ekspertin sözlərinə görə, soğan istehsalı yüksəkdir, amma aqrotexniki qaydalara əməl edilmədiyində xəstəlik, zərərvericilər olur. Digər tərəfdən, məhsulu saxlama şəraiti yoxdur:

“Meyvə-tərəvəzi artıq əvvəlki qaydada saxlamaq mümkün deyil. Qlobal istiləşmə nəticəsində temperatur yüksəlib. Buna görə də soyuducu anbarlar istehsal edilməlidir”.

V.Məhərrəmli söyləyib ki, soyuducu anbarları hökumət inşa etdirməli deyil. Yaxud özünə yaxın olan sahibkara tapşırmamalıdır.

“Hansı rayonda nə istehsal edildiyini bilirlər. Həmin rayonda fermerlərin birliyi yaradılır. Onlara ucuz kredit resursu verilir, birlik də öz kəndlərində anbar yaradır. Müasir dövrün tələbinə uyğun anbar quraşdırılmır ki, saxlama xərcləri çox ucuz olsun. Kənd təsərrüfatı sahəsində çalışanlar qeyri-peşəkarlardır”, – Məhərrəmli qeyd edib.