Elgün İbrahimov üçün aksiyada 50-dən çox şəxsin saxlanıldığı bildirilir

Gəncədə ölən 18 yaşlı məktəbli Elgün İbrahimov üçün iyunun 1-də Bakıda keçirilən etiraz aksiyasında 50-dən çox şəxsin saxlanıldığı bildirilir. 

Bu barədə feminist fəal Gülnara Mehdiyeva “Facebook” səhifəsində adını açıqlamadığı mənbəyə əsasən yazıb. 

O qeyd edib ki, polis aksiyanın planlaşdırıldığı “28 May” metrostansiyası ərazisindən keçən çox sayda insanı saxlayaraq bölmələrə aparıb, hər birinin telefonunu müsadirə edib, şəxsi mesajları yoxlamıb.

“Onların yazışdığı şəxslərə saxta hesablardan çoxsaylı izləmə istəkləri gəlib. İlkin məlumatlara görə, saxlanılanların sayı 50-dən çoxdur, əksəriyyəti hazırda bölmələrdədir. Bəziləri buraxılsa da, telefonları qaytarılmayıb. Saxlanılanların hamısının barmaq izləri götürülüb. Onların dəqiq sayı bilinmir, çünki ölkədə müstəqil jurnalist olmayıb ki, hadisəni çəkə bilsin”, - fəal vurğulayıb. 

Aksiyada saxlananlarla bağlı rəsmi açıqlama yoxdur. 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paytaxtın “28 May” metrostansiyası ətrafında Elgün İbrahimov, habelə son illərdə müəmmalı şəkildə ölən və ya erkən nikah qurbanı olan uşaqlar üçün etiraz aksiyası təyin olunub. Sosial şəbəkələrdə həmin gün yayılan videogörüntüdə mülki geyimli şəxslərin bir aksiya iştirakçısını təqib etdiyi görünür. 

Başqa bir videoda aksiyaçıların İbrahimovun şəkli olan posteri işıq dirəklərinə yapışdırdığı görünür. Onların payladığı vərəqlərdə isə “Susma, susduqca sıra sənə də gələcək” sözləri yazılıb. 

Elgün İbrahimov mayın 13-də Gəncə şəhərində xəstəxanada vəfat edib. O, bir gün əvvəl çoxsaylı xəsarətlərlə istifadə olunmayan yataqxananın həyətindən tapılıb. 

Hüquq-mühafizə orqanlarının mayın 29-da yaydığı bəyanatda bildirilir ki, istintaq İbrahimovun hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən ölməsi qənaətinə gəlib. 

İbrahimovun ailəsi onun döyülərək xəsarətlər aldığını vurğulayırdı. Hadisə yerindən çəkilən və sosial şəbəkələrdə paylaşılan videoda da təcili tibbi yardım işçisinin “bunu möhkəm döyüblər” dediyi eşidilir.