Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdığını bildirib

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirakını qeyri-müəyyən müddətə dayandırdığnı bildirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də yaydığı bəyanatda deyilir ki, Azərbaycan Avropa Şurasına üzv olanda bu təşkilatın “Ermənistanın hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyinə” ümid edib.

“Azərbaycanın tarixi qələbəsindən və ərazi bütövlüyünün bərpasından sonra Azərbaycanı ləkələmək və Azərbaycan xalqına qarşı inkar edilmiş ədalətin bərpası istiqamətində ölkənin nailiyyətlərinə kölgə salmaq üçün təşkil edilmiş qarayaxma kampaniyası ilə üz-üzəyik”, sənəddə qeyd edilir.

Nümayəndə heyəti hesab edir ki, AŞPA bəzi üzv dövlətlərə hücumlar üçün platforma kimi istifadə olunur.

“Bəzi qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqları üçün sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm üstünlük təşkil edən praktikaya çevrilib”, bəyanatda vurğulanır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bu qurumda səlahiyyətlərinə etiraz etmək təşəbbüsünü Azərbaycanda mövcud seçki prosesinə müdaxilə cəhdi, ölkədə demokratik təsisatları sarsıdan “məkrli addımların” nümunəsi kimi qiymətləndirir.

“Nümayəndə heyətimizin səlahiyyətlərinin təsdiqindən imtina təklifi bütövlükdə Avropa Şurasının nüfuzuna və qərəzsizliyinə ciddi zərbə olacaq və onun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Dünyada heç kim, o cümlədən bu otaqda oturanlar Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz. AŞPA tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı aparmayıb”.

Sənəddə deyilir ki, AŞPA-da dözülməz irqçilik, azərbaycanfobiya və islamofobiya fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, bu gün AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyəti ilə bağlı səsvermə keçiriləcək.

 

Amerikanın Səsi