Siyasi məhbus intihara cəhd etdi

Pentensiar Xidmət intihara cəhd edən siyasi məhbusu "kritıya" göndərməklə hədələdi.

Siyasi məhbus Ceyhun Ələkbər oğlu Qurbanov bu gün səhər saatlarında intihara cəhd edib. O, qollarını doğaayıb və vəziyyətinin ağır olmasına baxmayaraq aclıq aksiyasına başlayıb.

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Gəncə məhbusu Ceyhun Qurbanov ağır epilepsiya xəstəsidir. Ailəsinin verdiyi məlumata görə, o, gün ərzində dəfələrlə epilepsiya tutmalarından əziyyət çəkir, üstəlik, dizində illərdir yaranmış problem nəticəsində tez-tez müvazinətini itirib yıxılır, yeriməkdə çətinlik çəkir.

Səhhətindəki bu qədər ciddi problemlərə görə müalicə üçün illərdir Ceyhun Qurbanov və onun ailəsi bütün adiyyatı qurumlara müraciət etsə də heç bir nəticə əldə etməyiblər:

"Hər dəfə müraciət ediləndə göndərirlər Pentensiar Xidmətin Müalicə Müəssisəsinə və beş - altı gün orda saxlayıb, heç bir müayinə, müalicə olunmadan geri qaytarırlar. İllərdir bizi aldadırlar ki, dizindəki problemlə bağlı əməliyyat ediləcək amma etmirlər. Heç olmaya imkan vermirlər ki, əməliyyatı özümüz etdirək."

Qeyd edək ki, siyasi məhbusun özünü doğramasına da son "apar-qaytar prosesi" səbəb olub:

"Ceyhunun vəziyyəti çox ağırlaşmışdı, sentyabrın 8-də Ceyhunu Pentensiar Xidmətin Müalicə Müəssisəsinə apardılar, bu gün heç bir müalicə almadan geri qaytarıblar. O, da haqsızlığa dozməyib, özündən başqa etiraz etmək üçün heç nəyə gücü çatmır deyə, qollarını doğrayıb."

Ailənin verdiyi məlumata görə, intihara cəhd edən Ceyhun Qurbanova heç bir tibbi xidmət göstərilməyib. Cəzaçəkmə müəssisəsinin baş həkimi deyib ki, həkimlər şənbə -bazar günü işləmirlər.

Ailənin Pentensiar Xidmətə etdiyi müraciətinə isə Quantanamo qoxulu  cavab verilib:

"Ceyhunun yaxşılıq limiti bitib. Bir iki günə onu "kritıya" göndərəcəyik, ağlı başına gələcək. Əsl "srokun" nə olduğunu Ceyhun bundan sonra görəcək".

Qeyd edək ki, epilepsiya xəstələrinə xəstəliyin gedişi ilə bağlı dəqiq diaqnoz qoymaq üçün elektroensefaloqrafiya (EEQ) və MRT müayinələri aparılmalıdır. Bu müayinə xəstəliyin gedişatından aslı olaraq ildə bir və ya iki dəfə aparılmalıdır. Ceyhun Qurbanov sonuncu dəfə 2022-ci ildə müayinə olunub.

Onu da xatırladım ki, Azərbaycanda 30 minə yaxın məhbusun sağlamlığına nəzarət edən iki xəstəxana var. Bu xəstəxanalarda isə MRT və EEQ müayinəsini aparmaq  üçün tibbi avadanlıqlar yoxdur.

 

YADDAŞ

17. 05.1986 ci il təvəllüdlü Gəncə sakini 3 uşaq atası  Ceyhun Ələkbər oğlu Qurbanov 2018-ci ilin 15 iyulunda həbs edilib. O, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd edən Yunis Səfərovun qohumu olduğuna görə çox ağır maddələrlə şərlənərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 16 avqust tarixində keçirilən prosesdə ona 18 il

həbs cəzası verilib.

Ceyhun Qurbanov uşaq yaşlarında liftin qırılması nəticəsində çox ağır kəllə- beyin travması alıb və epilepsiya xəstəsinə çevrilib.

 

Arzu Abdulla