AXCP: “Əli bəy istintaqa heç bir ifadə verməyib”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin barəsində hökumətyönlü mətbuatda gedən iddialara cavab verib.

Mətbuatda dərc olunan xəbərlərdə bildirilirdi ki, sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin ittiham olunduğu iş məhkəməyə göndərilib və həmin iş üzrə bir sıra siyasi fiqurlar, o cümlədən Ə.Kərimli istintaq tərəfindən şahid kimi dindirilib.

AXCP isə sentyabrın 17-də verdiyi bəyanatda bildirib ki, sədr istintaqa heç bir ifadə verməyib.

"Bu xəbər tamamilə yalandır. Əli Kərimli ilk gündən istintaqa heç bir ifadə verməyəcəyini bildirib və indiyə kimi bu mövqeyində qalır. O, vəkilləri vasitəsilə açıq şəkildə ictimaiyyətə bəyan edib ki, onu Əliyevlər hakimiyyətinin ən önəmli fiqurlarından olan Ramiz Mehdiyevlə işbirliyində əlaqələndirmək qurama, absurd və gülünc ittihamdır. Bu, açıq şərləmə və qondarma iş olduğuna görə, onun bu proseslə bağlı ifadə verəcəyi heç nə yoxdur", - bəyanatda deyilir.

AXCP sədri Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. O, ötən il noyabrın 29-da saxlanılıb. Həmin gün onun evində axtarış aparılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni iş üzrə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də həbs olunub. Ona da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hökumətyönlü media Əli Kərimli və Məmməd İbrahimin həbsini Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan “Ramiz Mehdiyev işi” ilə əlaqələndirib. Bu iş ötən ilin oktyabrında açılıb və R.Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.