Penitensiar xidmətdə növbəti özbaşınalıq

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti növbəti kobud qanun pozuntusuna yol verib. Belə ki, ağır şəkər xəstəsi və Bakıda qeydiyyatda olan inanclı Elgiz Məmmədovu evindən bir neçə yüz km məsafə aralığında yerləşən Lənkəran Penitensiar Kompleksinə köçürüb.

Qanunla məhbus qeydiyyatda olduğu əraziyə yaxın məntəqədə yerləşən cəzaçəkmə müəssisələrindən birinə köçürülməli olduğu halda, Elgiz Bakıda qeydiyyatda ikən Penitensiar Xidmət onu Lənkərana köçürüb.

Müsəlman Birliyi Hərəkatının üzvü olan Elgiz Məmmədov 2025-ci ilin 10 iyun tarixində saxlanılmış və barəsində saxta narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. Onun hərəkat üzvü olması və Tale Bağırzadə ilə yaxın əlaqələrinin həbsinə yeganə səbəb olmasına baxmayaraq, məhkəmə 2026-cı ilin 20 mayında inanclını müqəssir bilərək 3 il müddətinə azadlıqdan məhrum etmişdi.

Umbakı kompleksində saxlanılan E. Məmmədov həbsindən sonra şəkər xəstəliyinə tutulub. Gündəlik dərmanlar qəbul etməsə, şəkər onun səhhətində ciddi problemlər yaradır. Elə buna görə də ailə onun durumu ilə ciddi maraqlanır və telefon zənglərində müntəzəm vəziyyətini öyrənə bilir.

Lakin son zəngindən sonra əlaqələrin kəsilməsindən narahat olan ailə Umbakıdan dəqiqləşdirə bilib ki, sentyabrın 12-də köçürülmə olub və Elgiz Lənkərandakı müəssisəyə köçürülüb. Valideynləri məsələ ilə bağlı Ombudsmanlığa, Penitensiar Xidmətin qaynar xəttinə zəng vurub şikayətləniblər. Lakin bir çox qanunsuz addımlar kimi, Penitensiar bu dəfə də hüquq pozuntusuna yol verərək, nə onun qeydiyyatda olduğu ərazini, nə də səhhətindəki problemləri nəzərə almadan belə bir addım atıb.

Ailə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olmağı və Elgiz Məmmədovun Bakıya köçürülməsinə nail olmaq fikrindədir.