İrlandiya Qəzzadakı humanitar böhran səbəbindən "Eurovision 2027"-də iştirak etməyəcək

“Asharq Al-Awsat” nəşrinin məlumatına görə, İrlandiyanın ictimai yayımçısı RTÉ müsabiqəni yayımlamayacağını açıqlayıb. Beləliklə, İrlandiya ardıcıl ikinci il "Eurovision"da iştirak etməyəcək.

Açıqlamada bildirilib ki, Qəzzada davam edən insan tələfatı və çoxsaylı mülki şəxslərin həyatını təhlükə altına atan humanitar böhran səbəbindən İrlandiya nə "Eurovision 2027" Mahnı Müsabiqəsində iştirak edəcək, nə də tədbiri RTÉ-də yayımlayacaq.

Həmçinin qeyd olunub ki, Avropa Yayım İttifaqının (EBU) "Eurovision" Mahnı Müsabiqəsi üzrə direktoru Martin Qrin İrlandiyanın qərarından təəssüfləndiyini, lakin buna hörmətlə yanaşdıqlarını bildirib. Məlumata görə, Qrin İrlandiyanın "Eurovision" ailəsinin dəyərli üzvü olduğunu və onun yoxluğunun hiss ediləcəyini vurğulayıb.

"Eurovision"un rəsmi sosial media hesabı da İrlandiyanın "Eurovision 2027"-də iştirak etməyəcəyini təsdiqləyib.

Xatırladaq ki, "Eurovision 2027" Mahnı Müsabiqəsi Bolqarıstanın Qara dəniz sahilində yerləşən Burqas şəhərində keçiriləcək; Bolqarıstan cari ilin müsabiqəsinin qalibi olmuşdu.

İrlandiya daha əvvəl İsrailin iştirakına etiraz olaraq İslandiya, Niderland, Sloveniya və İspaniya ilə birlikdə "Eurovision 2026" Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdi. Niderlandın ictimai yayımçısı AVROTROS da avqust ayında "Eurovision 2027"-ni boykot edəcəyini açıqlamışdı.

Yayımlanan məlumatlara əsasən, 2026-cı ildəki tədbir təxminən 131 000 tamaşaçı tərəfindən izlənilib. Bu, əvvəlki illə müqayisədə 35 milyon nəfərlik azalma deməkdir.