‘Toplum’ TV-nin baş redaktoru polisə çağırılıb

“Toplum” TV-nin baş redaktoru Xədicə İsmayıl martın 14-də saat 15:00 radələri üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb .

O axşam saatlarında idarədən çıxarkən bildirib ki, Azərbaycan Konstitusiyasının 66-cı maddəsi və Cinayət Prosessual Məcəlləsindən yararlanaarq ifadə verməkdən imtina edib:

"Mən sualların qərəzli olduğunu anlayanda bu imkandan istifadə etdim".

X.İsmayıl növbəti dəfə polisə çağırılıb-çağırılmayacağı barədə ona heç nə deyilmədiyini qeyd edib.

Onun bu açıqlamasına, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Martın 6-da "Toplum" internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Həmin gün medianın üç əməkdaşı saxlanıb, daha sonra onlardan ikisi – Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilərək buraxılıb.

Videoredaktor Müşfiq Cabbar barəsində isə məhkəmə qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Martın 8-də də ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli həbs olunub. Onlar qaçaqmalçılıqda ittiham edilirlər və ittihamı qurama, peşə fəaliyyətləri ilə izah edirlər.

Son aylar Azərbaycanda 10-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. Onlar da ittihamı qurama və siyasi sayırlar.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olması bağlı deyilənləri qəbul etmirlər.

 

AzadlıqRadiosu