İğdırda tarixi gün: Alulbeyt Mədəniyyət Mərkəzinin açılış mərasimi

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Alulbeyt Iğdır Mədəniyyət Mərkəzi və Quran Kursu binasının açılışı 5 May 2024-cü il bazar günü yerli və xaricdən gələn qonaqların iştirakı ilə baş tutub.

İslam dünyasının böyük təqlid mərcələrindən olan Ayətullah Əl Üzma Seyid Əli Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristani və onu müşayiət edən nümayəndə heyətinin iştirakı ilə keçirilən açılış mərasiminə bir çox ölkədən qonaqlar iştirak edirdi.

Müxtəlif təbəqələrdən olan insanların iştirak etdiyi proqram Qurani-Kərimin tilavəti ilə başladı.

Daha sonra Alulbeyt Iğdır şöbə müdiri Dr. Əbəlfəz Kocadağın salamlama nitqi ilə davam etdi, Əhli-beyt şairlərinin oxuduğu şeirlərlə xoş ovqat yaradıldı.

Mərasimdə Iğdır Bələdiyyə Başçısı Mehmet Nuri Günəş də çıxış edərək bu tarixi gün münasibətilə iğdırlıları təbrik etdi.

Mərasimdə Alulbeyt Alimlər Dərnəyinin sədri Əli Əkbər Yurtseven və İğdır Əhli-Beyt Alimlər Dərnəyinin sədri Zəki Tümay çıxış edərək fikirlərini bildirdilər.

Mərasimdə Həzrət Ruqəyyə İlahi Qrupu oxuduqları gözəl ilahilərlə proqramı bəzədi.

Alulbeyt türkdilli ölkələrin baş məsulu və Ayətullah Seyyid Əli Sistaninin Türkiyədəki təmsilçisi Rəhmi Onurşan Rəhmani Alulbeyt Müəssisələri ilə bağlı mühüm məqamlara toxunaraq, birlik və həmrəyliyin vacibliyindən danışdı.

Daha sonra Ayətullah Seyid Cavad Şəhristani digər fəxri qonaqların iştirakı ilə qırmızı lenti kəsərək mərasimi Alulbeyt Mədəniyyət və Quran Kursunun açılışını etdilər.