Medianın məhdudlaşdırılması günümüzə əsarət, sabahımıza isə öldürücü zərbədir

Dünənə qədər ölkədaxili hüquq və azadlıqların məhdudlaşmasına etiraz çağırışı yalnız yerli siyasilər, media təmsilçilərinin çağırışlarında yer alırdısa, bu gün artıq beynəlxalq təşkilatlar da Azərbaycanda fundamental hüquqlara yönəli hakimiyyətin sərt sistemini tənqid hədəfinə alıb. Dövlətin azadlıq statuslarını müəyyən edən ən başlıca orqan medianın amansız təpki altında olması isə digər hüquqların yox səviyyəsində olmasına bariz nümunədir.

Tənqid sərhədlərini aşan azad sözə ünvanlı təpkilər bu günün son akkordları olan aparıcı media mənsublarını da oyundan çıxarmaqla hakimiyyətin təkqütüblü idarəçilik formasında ölkəni öz diktəsi ilə idarə etdiyindən xəbər verir.

Karrupsiya faktlarını işıqlandıran Abzas Medianın ardınca geniş adutoriyaya sağlam və aydın düşüncə aşılayan Toplum TV-nin də qapadılması, üzvlərinin eyni aqibətlə şərlənməsi bu ölkədə son nəfəsini alan azadlıqların süqutunu tam cilvəsi ilə aydınlatdı. Toplum Tv daxil, bu işdə həbslər son seçkilərdən sonra hakimiyyətin məqsədini bir daha ortaya qoyaraq dəyişən deyil, pisləşən bir sabaha gəlib çıxmağımızı sərgilədi. Zatən dəyişiləcək bir şeyin olma ümidlərinin olduqca aşağı bir ortamda son adımlar hakimiyyətin bu xalqın sabahı haqqında hansı addımları atacağının göstəricisidir.

Birmənalı olaraq biz, hüquq və azadlıqlara, xüsusi olaraq mediaya təzyiqləri pisləyir və bunun yolverilməz olduğunu hər zaman bildirmiş və bir daha bildiririk. Hakimiyyətdən bütün bu hallara son verməyi, eyni halda xalqın aydın səsinin baş verən qanunsuzluqlar müqabilində səslənməsini, məhdudlaşan azadlqların dayandırılmasına etiraz etməsini hər bir azadlıqsevən Azərbaycan vətəndaşından istəyirik.

Unutmayaq ki, bu dövlət sizin və bizim olmaqla hər bir Azərbaycan vətəndaşınındır. Bu ölkənin yaşanmaz hala gəldiyi reallıq, mövcud olduğumuz bu günümüz övladlarımızın sabahı olan bir dövlətdir. Hər kəs özü və gələcəyini yaxşı və daha yaxşı görmək üçün bütün qanunsuzluqlara yox deməklə parlaq bir sabahı qura bilər. Azərbaycanın gələcəyi üçün haqsızlıq müqabilində susqunluq göstərməmək isə eyni halda bir vətəndaş borcumuzdur.

Birlik göstərib ölkəmizin media güzgüsündə azadlıqlarını qorumaq üçün birlik və bərabərlik göstərək. Hələ nə qədər ki, bunun bərpası üçün ümidlər var ikən.

Müsəlman Birliyi Hərəkatı.