BŞİH Milli Şuranın mitinqini yenə 'məqsədəuyğun' saymadı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də keçirmək istədiyi mitinqlə bağlı müraciətinə də müsbət cavab verməyib.

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.

Onun vurğuladığına görə, cavabda qeyd edilib ki, göstərilən ərazilərin birində təmir işləri aparılır, qalan iki yerdə isə nəqliyyat intensiv hərəkət etdiyindən toplantıların keçirilməsi tıxacların yaranmasına səbəb olacaq.

Cəmil Həsənli cavabı vətəndaşların Konstitusiya hüququnun və sərbəst toplaşmaq azadlığının pozulması sayır.

Milli Şura sədrinin bu dediklərinə BŞİH-dən əlavə münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl

Bundan əvvəl BŞİH Milli Şuranın aprelin 21-də mitinq keçirmək istəyini də eyni amillərdən bəhs edərək ( aksiya üçün təklif edilən yerlər dəyişməyib) “məqsədəuygun” saymamışdı.

Milli Şura isə bunu sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirərək eyni tələblərlə təkrar müraciət göndərmişdi.

Milli Şura müraciətində şəhərin, əsasən, mərkəzi ərazilərində üç yer təklif edərək onların birində aksiya keçirmək niyyətini bildirmişdi. Aksiyada azad, ədalətli seçkilərin keçirilməsi, siyasi məhbusların azadlığa buraxılması və korrupsiya ilə mübarizəyə aid tələblərin səslənəcəyi açıqlanmışdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Üstəlik, onların vurğulamasına görə, ölkədə korrupsiya ilə mübarizədə siyasi iradə mövcuddur.

Xatırlatma

Milli Şura Azərbaycanda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib.

Ondan sonra BŞİH Milli Şuraya təklif etdiyi yerlərdə yenə tıxacların yaranacağını və başqa oxşar amilləri səbəb göstərərək aksiya keçirməyi “məqsədəuyğun” saymamışdı.

Əvəzində Milli Şuraya Lökbatan qəsəbəsindəki stadion təklif edilmişdi. Amma Milli Şura da həmin stadionun şəhərdən kənarda olduğunu əsas gətirərək orada aksiya keçirməkdən imtina etmişdi.

2020-ci ilin əvvəllərindən isə koronovirus pandemiyası ilə bağlı ölkədə karantin rejimi tətbiq edilib.

Artıq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, karantin rejimi tam götürülməyib.

 

 

AzadlıqRadiosu