“Sizin nömrələrin heç biri işləmir.” Siyasi məhbus zəng qadağası ilə üzləşib

Artıq 5 gündür ki, evinə zəng vurmayan Samir Babayevin ailəsi, xüsusi olaraq ağbirçək anası onun vəziyyətindən narahatlıq yaşayır. Martın 24-də ailə siyasi məhbusun cəza çəkdiyi 2 saylı müəssisəyə görüşə gedib. Ailəsi Samirin neçə gündə zəng vurmama səbəbini soruşanda Samir bildirib ki, o, zəng günlərində (Samir Babayev həftədə 2 dəfə 15 dəqiqə olmaqla evinə telefon zəngi aça bilir) həbsxananın telefon qovşağına gəlsə də, zənglərinə qadağalar tətbiq edildiyindən o, ailəsi ilə danışa bilmir. Həbsxana qovşağından yalnız iki nömrəyə (ailə üzvülərinin) zəng vurma icazəsi olan Samir üçün nömrə yığan bələdçi bildirir ki, yığdığı nömrələrin heç biri ilə əlaqə qura bilmir.

Samir ayrı-ayrı günlərdə ikinci dəfə qovşağa zəng vurmaq üçün ötən gün getsə də, yenə eyni şey təkrarlanır. Ailə zəng saatlarını bildiyi üçün o zamanlarda Samirin zəngini gözləsələr də telefon zəngləri baş vermir. Telefonun və xəttin işlək olduğu gün ərzində gələn zənglərdən bəlli olduğu halda Samirin bu nömrələrə zəng edə bilməməsi yalnız müəssisə rəhbərliyinin yaratdığı süni maniə ilə əlaqəli olduğu ilk ağla gələn səbəbdir.
Ara-sıra Samirdən pul tələb etmə də, qadağaların əsaslandığı səbəblər sırasında yer alır. Lakin hansı səbəbdən bu işin gerçəkləşməsindən asılı olmayaraq ailəsi baş verən hallardan narahatdır. Onlar bu barədə Ombudsmanlığı da məlumatlandırmağı düşünürlər.

Xatırladaq ki, MBH üzvü Samir Babayev 2022-ci ilin dekabrın 2-də saxlanılmış və haqqında saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi saxta ittihamı əsaslı sayaraq onu 4 il müddətinə azadlıqdan məhrum etmişdi. 2024-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Samir Babayevin şikayəti üzrə müraciətə baxaraq cəzanı 4 ildən 3 ilə endirmişdi.