"Artıq səkkizinci məhkəmədir ki, ruhani Rəcov İlqarın Məhkəməsində şahidlərin gətirilməsini məhkəmə təmin etmir"

Aprelin  24 -də Bakı Ağır Cinayətlər Məhkəməsində  narkotik ittihamı ilə şərlənərək həbs edilən  ruhani Hacı İlqar Rəcovun işi üzrə növbəti məhkəmə prosesinin keçirilməsi planlaşdırılsa da məhkəmə təxirə salınıb.

Maide.Az xəbər verir ki, vəkil Elçin Sadıqov bildirib ki, artıq səkkizinci məhkəmədir ki, ruhani Rəcov İlqarın Məhkəməsində şahidlərin gətirilməsini məhkəmə təmin etmir. "Bu gün də şahidlərin gətirilməsi  təmin edilmədiyi üçün məhkəmə təxirə salındı. Məhkəmə şahidləri gətirə bilmədiyinə görə əsassız və qanunsuz olaraq təxirə salınır. Məcburi gətirilmə haqqında qərar hal şahidlərinin gətirilməsi ilə bağlı qismən qəbul olunub. Amma prosesin icrası təmin olunmayıb. Nə polis əməkdaşları, nə də hal şahidləri məhkəmə iclaslarına gəlir".

Qeyd edək ki, Ruhani Hacı İlqar Rəcov 2023-cü ilin fevral ayının 1-də polis tərəfindən saxlanılıb.

Ruhani saxlanılan zaman gözünün qabağında cibinə narkotik qoyulduğunu bildirib. O,  İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda şərlənərək həbs edildiyini bildirib.