İslamda “Mərcəiyyət” prinsipi; 1-ci hissə - Abstrakt

İctihad və təqlidin tarixi İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövrünə qayıtsa da, buna əsas ehtiyac böyük qeybət dövründə yaranmışdır. Şeyx Tusinin dövrünə kimi, mərcəi-təqlidlik müfti (fətva verən) və müstəfti (fətva istəyən) həddindən çıxmamışdır. Şeyx Tusinin zamanında mərcəiyyət məqamı şiənin bir prinsipi olaraq ibtidai şəkildə formalaşmağa başladı. 13 və14-cü əsrlərdə bu məsələ artıq öz həqiqətini tapdı.
İctihad və təqlidin dəlilləri, mərcəlik vəzifəsinin dəlilləri ilə tamamilə fərqlidir. İctihad və təqlidin bəzi dəlilləri aşağıdakılardan ibarətdir: 
1. İmam Sadiq (ə) və İmam Rzanın (ə) öz səhabələrini, hökmlərini öyrənmək üçün xüsusi şagirdlərinə yönəltməsi;
2. İmam Baqir (ə) və İmam Sadiqin (ə) bəzi fəqih şagirdlərini fətva verməyə əmr və təşviq etmələri; 
3. Sirətul-üqəla (Ağıl sahiblərinin sirə və yolu). 
Lakin “Mərcəiyyət” vəzifəsi və məqamının əsas dəlili, (möhkəm əqli arqumentdən əlavə) İmam Zamanın (ə.f.) İshaq bin Yəquba yazdığı məktubdur. Bu etibarlı məktuba əsasən, İmam Zaman (ə) böyük qeybət dövründə fəqihləri özü üçün naib olaraq təyin etmişdir. Ömər bin Hənzələnin məqbuləsi, bu məqamı təkid edən növbəti dəlildir. Bu etibarlı hədisə əsasən, İmam Sadiq (ə) Fəqihləri hakim elan edibdir.
Bu dəlillərə əsasən “Mərcəiyyət” məqamı həqiqi mənada şəriət hakiminə məxsus olan rəhbərlik məqamıdır. Bu məqam ilahi bir məqam olaraq İmamət prinsipinin davamdır. 
Nəticə: Mərcəiyyət prinsipi Şiə məzhəbinin 6-cı əsas prinsipi kimi tanınmalıdır.
 
Müqəddimə
İlk növbədə “Mərcəiyyət” prinsipini təqlid məsələsindən ayırmaq lazımdır.  Başqa sözlə desək, “təqlid”, müqəllidin (təqlid edənin) müqəllədə (təqlid edilənə) və müstəftinin (fətva istəyənin) müftiyə (fətva verənə) müraciət etməsidir. Lakin "Mərcəiyyət" İslam ümmətinin rəhbər və hakimlik məqamıdır.
1. Təqlidin tərifi
Fəqihlər təqlidi müxtəlif mənalarda tərif etmələrinə baxmayaraq, hamısına yaxud əksəriyyətinə şamil ola biləcək tərif belədir: “Təqlid camiuş-şərait (xüsusi şərtlərə malik olan) müctəhidin fətvalarına əməl etməkdir”. Başqa sözlə “Mükəlləfin öz ibadi və qeyri-ibadi əməllərini camiuş-şərait müctəhidin fətvalarına uyğun olaraq yerinə yetirməsinə təqlid deyilir”.
2. Mərcəi-Təqlidin tərifi
Əgər “Mərcəi-təqlid” terminini yuxarıda qeyd edilən “Təqild” tərifi əsasında məna etsək, bu zaman “Mərcəi-təqlid o şəxsdir ki, onun fətvalarına əməl etməklə mükəlləfin öhdəsindən vəzifə götürülür”. Başqa sözlə: “Fətvası mükəlləfə höccət olan müctəhid, Mərcəi-təqlid adlanır”.
Müddəa: Müddəa budur ki, Mərcəiyyət məqamı yuxarıda qeyd edilən təriflə, yəni müftilik vəzifəsi ilə məhdudlaşmamalıdır. Mərcəiyyət şiə prinsipinə və möhkəm dəlillərə əsasən, şəriət hakimi və rəhbərlik məqamıdır.
4. Mərcəiyyət və təqlidin tarixi
Müddəanı sübut etmədən öncə Təqlid və Mərcəliyin tarixi barədə qısa məlumat verməyi məqsədə uyğun hesab edirik. 
Əgər “Təqlid” və “Mərcəi-təqlid”-lik məsələsinə, fətva verməyin caiz (hətta vacib) olma və təqlidin caiz (hətta vacib) olma dəlillərinə əsasən baxsaq, onların tarixi əziz Peyğəmbərin (s) zamanına qayıtmalıdır.
Çünki bir çox müctəhidlərin nəzərinə əsasən, Nəfr ayəsi, həm fətvanın caiz və kifayi vacib olmasına, həm də təqlidin vacib olmasına dəlalət edir. Xatırladaq ki, o zaman başa düşülən fətva və təqlid, hazırkı dövrdə, hətta İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə formalaşmış təqlid mənasında olmamış və tamamilə bəsit mənada olmuşdur.   
 
Ardı var…