Qırmızı dənizdə Britaniya gəmisinə raket hücumu

Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) Yəmənin cənub-qərbindəki Meha şəhəri sahillərində gəmiyə raket hücumu həyata keçirildiyini açıqlayıb.

UKMTO-nun X sosial media hesabından edilən yazılı açıqlamada Qırmızı dənizdə Mehadan 14 mil uzaqlıqda bir gəmiyə 2 dəfə hücum edildiyi qeyd edilib.

İlk hücumun gəminin yaxınlığında edildiyi, 2 raketlə həyata keçirilən ikinci hücumun isə gəmiyə ziyan vurduğu bildirilib.

Gəmiyə dəyən ziyanla bağlı məlumat verilməyib.

Yəmən Ənsarullah Hərəkatı bu Britaniya gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Açıqlamada “İngiltərənin “Andromeda Star” neft gəmisinin Qırmızı dənizdə raketlərlə vurulduğu” qeyd edilsə də, təfərrüat verilməyib.

Digər tərəfdən, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Yəhya Səri televiziya çıxışında ölkənin şimalındakı Səda şəhərində Amerikaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Səri MQ-9 tipli İHA-nın raketlə vurulduğunu və Səda səmasında vurulduğunu bildirib.

O, Qəzzada blokada və hücumlar bitənə qədər hərbi "əməliyyatları" davam etdirəcəklərini vurğulayıb. Məsələ ilə bağlı ABŞ-dan heç bir açıqlama verilməyib.