Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının həbsdə olan sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

Vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə verdiyi məlumata görə, qərar Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

 

 

Amerikanın Səsi