Rusiya kəşfiyyatı: Böyük Britaniya Gürcüstanda etirazçılara təlim keçir

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniyanı Gürcüstanda etirazçılara polislə toqquşmaq və daxili qeyri-sabitliyə yönəlmiş təxribat hərəkətləri etmək üçün təlim keçməkdə ittiham edib.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniyanı Gürcüstanda etiraz aksiyaları zamanı polislə toqquşmaq üçün “fəal” qruplar hazırlamaqda və daxili sabitliyi pozmağa yönəlmiş təxribat aktları hazırlamaqda ittiham edib.

SVR-nin bəyanatında deyilir ki, bu “gələcək fəallar” nümayişlərdə təhlükəsizlik qüvvələri ilə necə davranmaq, Gürcüstan hakimiyyətinin tətbiq etdiyi rəqəmsal senzuradan necə yan keçmək barədə xüsusi təlim keçəcək və dövlət qurumlarını hədəf alan təxribat əməliyyatlarına hazır olacaqlar.

SVR Böyük Britaniyanın Gürcüstanda belə təlimlərin təşkilinə getdikcə əhəmiyyət verdiyini və bunun müxalif vətəndaş cəmiyyəti təşkilatlarına verdiyi dəstəyin bir hissəsi olduğunu vurğulayıb.

Bəyanatda qeyd edilir ki, bu təşkilatlar Londondan əlavə maliyyə almaqla hökumət əleyhinə fəaliyyətlərini artırmağı hədəfləyəcəklər.

Rusiya kəşfiyyatının məlumatına görə, Qərb Gürcüstanın indiki siyasi kursundan, yəni Qərbin himayəsindən uzaqlaşmasından, milli dəyərlərə bağlılığından narahatdır.

SVR qeyd edib ki, Mixail Saakaşvilinin dövründə Qafqaz regionunun “demokratiya lokomotivi” hesab edilən Tbilisi bu gün milli suverenliyə daha çox diqqət yetirir və bu, qlobal liberal qüvvələrin narazılığına səbəb olub.

Rusiya kəşfiyyatı britaniyalıların bu addımlarını Qərbin Gürcüstan hökumətinə təzyiq göstərmək cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirib.

SVR bəyan edib ki, Qərb dövlətləri ölkədə daxili qeyri-sabitliyə səbəb ola biləcək müxalifət fəaliyyətlərini dəstəkləməklə Gürcüstanın “avtoritar yolunu” dayandırmağa çalışırlar.