Rüfət Səfərov: "Ölkədə avtoritaizmdən daha sərt sistemə,diktaturaya keçid dövrünü yaşayırıq"

“Müdafiə Xətti” hüquq müdafiə təşkialtının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, ölkədəki siyasi sistemin mahiyyəti ombudsmanın müstəqil fəaliyyətinə imkan vermir.

“Xüsusilə də son bir ildə respublikada repressiv tədbirlər, siyasi ağırlığa malik olan inzibati cinayət təqibləri və bunun yanında pis rəftarlar, işgəncə halları öz apogeyinə çatıb. Çox təəssüf ki, zaman-zaman ombudsman aparatından qeyd olunan xüsusatlara dair adekvat reaksiyaları görməmişik. Hesabatın mətnində də bu kimi məsələlər xüsusi ağırlığa malik deyil”, o qeyd edib.

Səfərov hesab edir ki, Azərbaycanda sərt avtoritar idarəetmə mövcuddur.

“Belə bir şəraitdə ombudsman aparatı, həmçinin xanım Səbinə Əliyeva tam sərbəst surətdə ortaya fəaliyyət qoya bilməz. Baxın, ölkədə jurnalistlər həbsdədir. Abzas Media təm şəkildə cəmiyyətdən təcrid olunub. Kanal13-ün Bakı bürosunun rəhbəri həbsdədir. Blogerlər, hüquq müdafiəçiləri, partiya sədrləri, ekologiya məhbusu, bütün bunlarla bağlı hesabatda məlumat əks olunubmu? Təbii ki, yox. Hər saat Bakıda, perefiriyalarda, yəni ölkə boyu dindarlara, iananclı insanlara qarşı təqiblər baş verir. Bunlarla bağlı ombudsmanın hesabatında bir narahatçılıq ifadələri varmı? Təbii ki, yoxdur”, o deyib.

Hüquq müdafiəçisi hesab edir ki, ombudsman ölkədəki repressiv siyasətlə, siyasi ağırlıqlı həbslərlə bağlı adekvat siyasət yürütmür.

“Bu isə ondan irəli gəlir ki, artıq ölkədə avtoritaizmdən daha sərt sistemə, diktaturaya keçid dövrünü yaşayırıq. Bundan da irəli gələrək artıq beynəlxalq təşkilatlar Azərbaycanı azad olmayan ölkələr siyahısına əlavə edib”, Səfərov qeyd edib.

Xatırladaq ki, martın 5-də Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini qəbul edib.

İllik məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib. O bildirib ki, ötən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub.

“Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”, Əliyeva qeyd edib.