Qırmızı Xaç: “Ən az 21 fələstinli yardım paylama məntəqəsində öldürülüb”

İyunun 1-də Qəzza zolağının cənubunda yardım götürmək üçün toplaşan fələstinlilər silahlı hücuma məruz qalıb. 

Qəzzaya nəzarət edən HƏMAS qruplaşması və bir neçə şahid İsrail ordusunun atəş açmaqda məsuliyyət daşıdığını bildiriblər. 

HƏMAS rəsmiləri 31 fələstinlinin öldürüldüyünü qeyd ediblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli şöbəsi isə ən az 21 nəfərin qəlpə və güllə yaralarından öldüyünü deyib. 

İsrail ordusu qüvvələrinin “yardım məntəqəsinin yaxınlığında və ya içərisində olan mülki şəxslərə atəş açmadığını” bildirib. Lakin İsrail ordusundan bir mənbə yardım məntəqəsi açılmamışdan əvvəl, ondan təxminən 1 kilometr uzaqlıqda olan şəxslərə atəş açıldığını etiraf edib.

Bu hadisə aylardır davam edən İsrail mühasirəsindən sonra aclıqla üzləşən Qəzza zolağında humanitar yardım almağa çalışan fələstinlilərin öldürüldüyü bir neçə insidentdən sonuncusudur. 

Qırmızı Xaç bəyanatında bildirib ki, bu, sahə xəstəxanası bir ildən çox əvvəl qurulduğundan bəri silah yarası alanların sayının ən yüksək olduğu hadisədir.