Polis bölməsinin rəisi, polis polkovnik-leytenantının qardaşı saxlanılıb

Fevralın 3-də Nizami rayonu, 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşı Samir Qarayev saxlanılıb.
Səbəb kimi Samir Qarayevin obyekt sahibi Musa Allahverdiyevi döyərək ona ağır xəsarət yetirməsi qeyd olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumatı təsdiqləyib.
Nazirlikdən bildiriblər ki, rayonun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində iki nəfərin obyekt sahibi Musa Allahverdiyevi döyərək xəsarət yetirmələri barədə polis orqanına məlumat daxil olub:
"Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub".
DİN faktla bağlı zəruri istintaq hərəkətlərinin davam etdirildiyini vurğulayıb.
 
Meydan TV