“Human Rights Watch” Azərbaycan hakimiyyətindən orta məktəblərdə hicabla bağlı qadağanın aradan qaldırmağa çağırıb

Beynəlxalq İnsan Hüquqları Təşkilatı “Human Rights Watch” Azərbaycan hakimiyyətindən orta məktəblərdə hicabla bağlı qadağanın aradan qaldırmağa çağırıb.

HRW-nin oktyabrın 27-də yaydığı bəyanatda orta məktəblərdə geyim qaydalarına edilən dəyişiklər zamanı fundamental insan haqlarının nəzərə alınmamasından narahatlıq ifadə edilib:

“Dini baş örtüyü taxdıqlarına görə qızların məktəblərə buraxılmaması onların təhsil hüququna, din və ya etiqad azadlığına müdaxilə edilməsi və ayrı-seçkiliklə bağlı ciddi narahatlıq doğurur. Hökumətlər məktəblərdə geyim qaydalarını tənzimləyə bilsələr də, istənilən məhdudiyyət qanuni, zəruri, mütənasib və ayrı-seçkilikdən uzaq olmalıdır. Azərbaycan dünyəvi təhsil prinsipindən qızların təhsil almaq hüququnu məhdudlaşdırmaq üçün istifadə etməməlidir”.

Human Rights Watch təşkilatı Azərbaycan hakimiyyətindən hicab qadağasının aradan qaldırılmasını, həbs edilənlərin azadlığa buraxılmasını tələb edib:

“Azərbaycan hakimiyyəti hicab taxan şagird və müəllimlərin məktəblərə buraxılmasını dərhal təmin etməli, yalnız dinc etiraz etdiklərinə və ya məhdudiyyətləri tənqid etdiklərinə görə saxlanılan şəxsləri azad etməli, həbsdə olanların hüquqi yardıma çıxışını təmin etməli və sosial şəbəkələrə girişə müdaxilə edilməsi barədə məlumatları araşdırmalıdır”.