Əfv sərəncamı imzalandı. Gözləntilər doğrulmadı

Bu gün, mayın 26-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Sərəncama ümumilikdə 220 şəxs düşüb. Onlardan 175-i cəzasının qalan hissəsindən azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 25 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb

Əfv sərəncamına düşənlərdən biri cərimə edilibmiş.

Fransa vətəndaşı da əfv edilib

Əfv olunanlar arasında Fransa vətəndaşı 1986-cı il təvəllüdlü Teo Klerk Hüqo da var. O, Bakıda metro tunelinə qanunsuz daxil olaraq qatarların üstündə qrafitilər çəkməkdə günahlandırılaraq 2024-cü ilin sentyabrında Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Sərəncam ümumilikdə 16 xarici vətəndaşa şamil olunub. Onlardan beşi İran, dördü Rusiya, ikisi Gürcüstan, ikisi Pakistan, biri Fransa, biri Türkiyə və biri Əfqanıstan vətəndaşlarıdır.

Siyasi məhbus siyahısında olanlar əfv siyahısına düşmədi

Sərəncamla ilkin tanış olan ictimai fəalların vurğulamasına görə, siyasi məhbus hesab edilən bir məhkum belə bu əfv sərəncamına düşməyib. Bir sıra hüquq müdafiə təşkilatlarının açıqlamasına görə, Azərbaycanda hazırda 360-dən çox siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus hesab edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.

Sonuncu belə sərəncam ötən il mayın 25-də, yenə Müstəqillik Günü ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Hüquq müdafiəçiləri onda da bildirmişdi ki, onların siyasi məhbus kimi tanıdıqları şəxslərin heç birinin adı həmin sərəncama düşməyib.