Mayın 6-dan bəri barəsində məlumat olmayan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin 6 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü məlum olub.
Bu barədə Meydan TV-yə məhbusun ailə üzvləri məlumat veriblər.
Əvvəllər 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mustafayev həmin gün – mayın 6-da müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbuslara dəstək məqsədilə aclıq aksiyasına başladığını açıqlamışdı.
Ailəsinin bildirdiyinə görə, bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb.
Yaxınları yalnız iki həftə sonra Elvin Mustafayevin 6 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü və orada cərimə təcridxanasına (kars) salındığını öyrəniblər.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və narkotik alverində ittiham edilərək həbs olunub. O, ittihamları qəbul etməyərək bildirib ki, narkotik maddələr onun üzərinə qoyulub. 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib.
Elvin Mustafayev Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılmış “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Hazırda konfederasiyanın dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov həbsdədir.
Onların hamısı barələrində irəli sürülən ittihamları qurama və siyasi motivli hesab edir.
Mayın 6-dan bəri barəsində məlumat olmayan Elvin Mustafayevin 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülərək karserə salınıb