Naxçıvan üçün Kalininqrad variantı...

Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını (MR) Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqelərini ifadə edib. O bildirib ki, ölkəsi malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvan MR-ə daşındığı zaman azad edilməsini gözləyir: "Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq".

Prezidentin köməkçisi Kalininqrad modelindən də danışıb: "Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq...".

Hələlik, H.Hacıyevin bu dediklərinə Ermənistan rəsmiləri münasibət bildirməyiblər. Amma buna qədər onlar deyiblər ki, Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək yol yalnız Ermənistanın suverenliyinin təmin edilməsi ilə gerçəkləşə bilər.

 

Kalininqrad modeli nədir?

Həmin yol üçün Kalininqrad modelini hələ 2021-ci ildə beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel təklif etmişdi.

SSRİ dağılandan sonra, digər respublikalar kimi, Litva da müstəqillik qazanıb və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni itirmiş olub. Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bu sazişi ratifikasiya etməmişdi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə olunandan sonra həmin sazişi ratifikasiya etdi.

Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Amma Avropa İttifaqı ilə Rusiyanın 2002-ci ildəki birgə bəyanatında bildirilir ki, tranzit rejimi Litvanın lazım olan nəzarəti həyata keçirməsinə və öz ərazisinə giriş qadağasını tətbiq etməsinə suveren hüququnu məhdudlaşdırmayacaq.

Bütün bunlarla belə, Litva Rusiyanın Kalininqrad vilayətinə malların tranzitinə məhdudiyyətləri genişləndirir. 2022-ci ildə Litva hakimiyyəti sanksiyaya məruz qalan yüklərin dəmiryol ilə Kalininqrad vilayətinə daşınmasını kvotalar vasitəsilə məhdudlaşdırıb. Məhdudiyyətlərə tikinti materialları, ağac, metallar, sement, kürü və spirt daxildir.

Ən son məlumata görə isə, Litva birtərəfli qaydada Kalininqrad vilayətinə dəmiryol tranziti tariflərinə yenidən baxır. Bunu Kalininqradın qubernatoru Anton Əlixanov "RİA Novosti"yə bildirib.

 

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. 2023-cü il sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib.

 

Azadlıq Radiosu