Müqavimətsiz Livanın İsrail yaşayış məntəqələrindən heç bir fərqi olmayacaq

Cəfəri məktəbinin əsas ruhanilərindən Şeyx Əhməd Qabalan Livanda yeni siyasi aktyorlara xəbərdarlıq edərək, Müqaviməti ölkənin suverenliyi və varlığı üçün əvəzsiz element kimi xarakterizə edib.

Livanın Cəfəri ruhanisi Şeyx Əhməd Qabalan, Bekaa vadisindəki Təmnin əl-Tahta qəsəbəsindəki Hüseyniyyədə bu gün keçirilən anım mərasimində verdiyi açıqlamalar zamanı Livanda “yeni siyasi qruplar” adlandırdığı şəxslərə sərt xəbərdarlıq edib.

Qabalan “milli qırmızı xətləri keçməməyə” çağırıb və “Təslim olmaq dövrü bitib və bir daha geri qayıtmayacaq” deyib.

Çıxışında dini dəyərlərin bölücü ünsür ola bilməyəcəyini vurğulayan Qabalan, "İslam və Xristianlıq tək bir əhd, tək ortaqlıqdır. Din heç vaxt düşmənçilik, parçalanma və ya dağıntı səbəbi ola bilməz. Bu, ancaq ehtiyatsız siyasət, xüsusilə də çirkli regional və beynəlxalq siyasətlə mümkündür" deyib.

Şeyx Qabalan Livanın daxili siyasətindəki kövrəkliyə diqqət çəkərək, "Əsl daxili təhlükə ucuz muzdlular, fitnə layihələri və məzhəb qütbləşməsi ilə qidalanan siyasi oyundadır" deyə əlavə edib.

Regional və beynəlxalq aktyorların ölkədəki müqavimət oxunu hədəf aldığını iddia edən Qabalan, “Bu muzdlular o qədər təhlükəlidir ki, İsrailə qarşı çıxanlardan xilas olmaq üçün Livanı partlatmağa hazırdırlar” deyib.

Müqavimətin Livan üçün vazkeçilməz bir element olduğunu təkrarlayan Qabalan, "Müqavimətsiz qurtuluş, müqavimətsiz suverenlik, müqavimətsiz dövlət və qurumlar yoxdur. Müqavimət, silahları və milli ordusu Livanın varlığının, sağ qalmasının və davamlılığının təminatıdır. Bu xəttdən aşağı getmək  təslim olmağı qəbul etməkdir.”

Yeni siyasi aktorlara müraciət edən müfti Livanın keçdiyi dövrü “tarixin ən təhlükəli milli böhranı” kimi xarakterizə edib və aşağıdakı xəbərdarlıq edib:

"Yeni siyasi komandaya tövsiyəm odur ki, regionu, dünyanı və məhvetmə planlarını yaxşı oxusunlar və milli qırmızı xətləri keçməsinlər. Livanın marağından yuxarı heç bir maraq yoxdur. Livanın marağı müqavimətin marağındadır. Bizim müdafiə tənliyimiz müqavimət və ordunun ölkənin ən yüksək suverenliyinin təminatları olması prinsipinə əsaslanır."

Qabalan 1982-ci ildən bəri davam edən mübarizəni vurğulayaraq, "Bu gün lazım olan o qəhrəmanlıqlara layiq müdafiə siyasətidir" deyib.

Müqavimət tərksilah edilərsə, Livanın “İsrail qəsəbəsindən heç bir fərqi olmayacaq” deyən Qabalan Bekaa vadisini, Cənubi Livanı və onun cənub ətraflarını “epik döyüşlər, hökmranlıq və fədakarlıq səhnələri” kimi təsvir edib.

“Əgər bu fədakarlıqlar olmasaydı, Livan adlı ölkə olmazdı”.

Nəhayət müqavimət mühitini hədəf alan təşəbbüslərə diqqət çəkən Qabalan, "Müqavimət mühitini boğmaqda israr etmək ölkəni vulkanın ağzına gətirəcək. Oyun üzə çıxdı, niyyətlər bəlli. Livan cənubu, ətrafı və Bekaa ilə birlikdə yüksəlmədən ayağa qalxa bilməz" deyərək sözlərini tamamlayıb.