Ələsgər Məmmədli: “Hədəfin Toplum TV-nin fəaliyyəti olduğunu aydın göstərən mənzərədir”

Müstəqil internet televiziyası olan Toplum TV-nin “YouTube” platformasındakı kanalı və “Instagram” səhifəsi oğurlanıb.
Kanalın ələ keçirilməsilə bağlı məlumatı media orqanının təsisçisi Ələsgər Məmmədli yayıb.
Kiber müdaxilələr TV-nin ofisində polis əməliyyatından sonraya təsadüf edib.
91 min abunəçisi olan “YouTube” kanalının adı dəyişdirilib, videolar tamamilə silinib. Kanalın məlumat hissəsində “Nil Çayı Misiri bölmək istəyirdi” yazılıb.
Təsisçi Ə.Məmmədli kanalın son vəziyyətinin görüntüsünü paylaşaraq Toplum TV-nin hədəfdə olduğunu vurğulayıb:
“Hədəfin Toplum TV-nin fəaliyyəti olduğunu aydın göstərən mənzərə!
91 min izləyicisi olan Topum TV-nin “Youtube” səhifəsinin əməliyyatdan sonrakı adı” - o, kanalın görüntüsünün üzərində yazıb.
Martın 6-da müstəqil internet televiziyası olan Toplum TV-nin ofisinə polis basqını olub. Nəticədə ofisdə axtarış aparılıb, bir neçə əməkdaş saxlanılıb. Saxlanılanlar arasında III Respublika Platformasının qurucu üzvləri də olub.
Ümumilikdə Toplum TV ilə bağlı işdə Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əhmədova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
ABŞ Dövlət Departamenti polis əməliyyatını pisləyib və təzyiqləri dayandırmağa çağırıb.
 
 
Abzas Media