Kılıçdaroğlu Rusiyanı seçkilərə müdaxilədə ittiham edib

Türkiyədə keçiriləcək prezident seçkilərində "Millət İttifaqı" müxalifət koalisiyasının namizədi Kamal Kılıçdaroğlu Rusiyanı seçki kampaniyasına müdaxilə etməkdə ittiham edib. Toplum TV xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının lideri bu barədə mayın 11-i axşam saatlarında "Tvitter" hesabında yazıb.

"Əziz, rus dostlarımız. Dünən bu ölkədə ortaya çıxan montajlar, konspirasiyalar, "Deep Fake" kontentlərin arxasında siz varsınız. Əgər 15 maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi Türk dövlətindən çəkin. Biz hələ də əməkdaşlıq və dostluq tərəfdarıyıq", - deyə Kılıçdaroğlu açıqlamasında vurğulayıb.

Türkiyədə prezident seçkilərinin birinci turu mayın 14-nə təyin edilib. Əsas rəqiblər Ərdoğan və Kılıçdaroğludur. Əksər sorğulara görə, müxalifət namizədi kiçik fərqlə öndədir.

Prezidentliyə namizədlərdən biri, "Məmləkət" Partiyasının lideri Məhərrəm İncə cümə axşamı seçki yarışını tərk edib. Onun qərarı, ekspertlərin fikrincə, Kılıçdaroğlunun mövqeyini gücləndirə bilər. İncə jurnalistlərə deyib ki, o, “ölkə naminə” namizədliyini geri götürür. Bundan əvvəl İncə Kılıçdaroğlu tərəfdarlarının sıralarını böldüyünə və seçkilərin ikinci tura keçmə ehtimalını artırdığına görə kəskin tənqid edilib.

Hazırda Türkiyədə "Ata İttifaqı"nın namizədi Sinan Oğan da daxil olmaqla üç şəxs prezidentlik uğrunda mübarizə aparır.

Müşahidəçilərin fikrincə, uzun illərdir Vladimir Putinlə fəal ünsiyyətdə olan Ərdoğanın hakimiyyətdə qalması Rusiya üçün daha sərfəlidir. Onun dövründə Türkiyə Ukraynaya təcavüzlə bağlı Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bununla belə, Türkiyə Ukraynanı bəzi silah növləri ilə təmin edir - bunlardan ən məşhuru "Bayraktar" dronlarıdır.

Türkiyə həmçinin Rusiyanın blokladığı Ukrayna limanlarından taxıl ixracının baş tutması üçün “taxıl sazişi”nə vasitəçilik edib.