İran İraq, Suriya və Pakistan ərazilərinə raket zərbələri endirdiyini bildirib

İran İraq və Suriyada İsrail və ABŞ hədəflərinə raket zərbələri endirdiyini bildirir

İran İraqın Ərbil şəhərində, ABŞ konsulluğunun yaxınlığındakı İsrail casus qərargahlarına, habelə Suriyada İraq Şam İslam Dövləti (İŞİD) ekstremist təşkilatına bağlı hədəflərə raket zərbələri endirdiyini iddia edib.

Associated Press xəbər verir ki, raket zərbələri nəticəsində Ərbildəki ABŞ konsulluğunun yerləşdiyi dəbdəbəli məhəllədə 4 mülki həlak olub və daha 6 nəfər yaralanıb.

Kürd regional hökumətinin qərargahı da bu ərazidə yerləşir.

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) iddia edib ki, İraqın Kürdüstan regionunda raket zərbələri ilə İsrailin Mossad kəşfiyyat təşkilatının qərargahı vurulub.

İİKK-in başqa bir bəyanatında deyilir ki, Suriyada İŞİD də daxil bir sıra terrorçu əməliyyatlara ballistik raketlər atılıb və hədəflər məhv edilib.

İsrail Ərbildəki hücum barədə hələ ki, heç bir şərh verməyib. İsrailin Vaşinqtondakı səfirliyi də Mossadla bağlı iddialara dair sorğunu cavablandırmayıb.

Gərginlyin artdığı bir vaxtda

AP yazır ki, bu raket zərbələrinin enidirlməsi regionda gərginliyin son dərəcə artdığı və Qəzzada gedən müharibənin ətraf bölgələrə yayıla biləcəyindən narahatlığın olduğu bir vaxta düşür.

Bu da xəbər verilir ki, oktyabrın 7-də İsrail-HƏMAS qarşıdurması başlanandan bəri İrana bağlı silahlılar İraqda və Suriyada ABŞ qüvvələrinin yerləşdiyi bazalara demək olar gündəlik qaydada dron hücumları edir.

İrana bağlı qruplar bildirirlər ki, bu hücumlar ABŞ-ın İsrailə dəstəyinə cavab və ABŞ hərbçilərinin İraqdan çıxarılmasına yönəlik cəhdlərdir.

ABŞ Dövlət Departamentinin sözüçü Metyu Miller deyib ki, Birləşmiş Ştatlar “İranın Ərbil üzərinə məsuliyyətsiz raket zərbələrini” qətiyyətlə pisləyir. Sözçü deyib ki, bu hücumlar İraqın sabitliyini pozur.

ABŞ-ın raketləri izlədiyi deyilir

ABŞ-ın müdafiə rəsmilərindən biri adının çəkilməməsi şərtilə bildirib ki, Birləşmiş Ştatlar İraqın şimalına və Suriyaya atılmış raketləri izləyib və bu zərbələrdən heç biri ABŞ bazalarına ziyan vurmayıb.

AP bildirir ki, bununla belə dəyən ziyanı müstəqil şəkildə qiymətləndirmək mümkün deyil.

İraqın təhlükəsizlik rəsmisi deyib ki, Ərbil bir neçə ballistik raketlərlə hədəflənib.

İrana bağlı qruplaşmalardan birinin nümayəndəsi isə bildirib ki, raketlərdən 10-u ABŞ konsulluğunun yaxınlığına düşüb.

Həmin şəxs deyib ki, raket zərbələrini İİKK endirib.

Raket zərbələrində tanınmış daşınmaz mülkiyyət sahibkarı Peşrou Dizayinin və ailəsinin həlak olduğu deyilir. Bu barədə məlumatı X platformasında İraq parlamentinin keçmiş deputatı Maşan əl-Cəburi yazıb.

Bağdad sərt etiraz bildirib

İraq öz ərazisində İsrailin Mossad kəşfiyyat xidmətinin hər hansı obyektlərinin olmadığnı bəyan edib.

Bağdad raket zərbələrinin ardınca Tehrandakı səfirini “məsləhətləşmələr” üçün geri çağırıb.

İraq hökuməti bildirib ki, İranın hərəkəti ilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmən şikayət edəcək.

Hadisə ilə bağlı İraqın As-Sumariyyə telekanalı yüksək vəzifəli rəsmiyə istinadla bildirib ki, İranın Ərbilə raket zərbələri endirməsi iki ölkə arasında sərhədin təhlükəsizliyinə dair razılaşmanın pozulmasına səbəb ola bilər.

İran XİN-in sözçüsü Naser Kənaani isə bəyan edib ki, Ərbilə raket zərbələri “İranın milli təhlükəsizlyinə hədə yaradanlara cavabın yalnız bir hissəsidir”.

İİKK bildirib ki, İran hərbçiləri İraq Kürdüstanında və Suriyadakı hədəflərə 24 ballistik raket atıblar.

Bundan əvvəl

2022-ci ildə İran Ərbilin ABŞ konsulluğu yerləşən eyni ərazisini raket bombardmanına tutduğunu iddia etmişdi.

İran bildirirdi ki, bu, İsrailin Suriyaya hava zərbələrinə cavabdır. O vaxt İİKK-nin iki üzvü həlak olmuşdu.

Bundan əvvəl İŞİD ekstremist təşkilatı İran generalı Qasem Süleymaninin ölümünün ildönümü mərasiminə bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Ötən ay İran İsraili onun Dəməşq yaxınlığına endirdiyi raket zərbələri nəticəsində İran generalı Seyid Razi Musəvinin həlak olmasında ittiham etmişdi.

İran Pakistana da raketlər atıb

Yanvarın 16-da İİKK Pakistanın Bəlucistan vilayətinə də raket zərbələri endirib. Bu barədə xəbəri İranın Təsnim agentliyi yayıb.

Agentliyin məlumatına görə raket zərbələrinin hədəfi bəluc separatçıların maraqlarını təmsil edən Ceyş əl-Ədl qruplaşmasının obyektləri olub.

İran hakimiyyəti Ceyş əl-Ədli terrorçu təşkilat hesab edir. Bu qruplaşma 2012-ci ildən bəri fəaliyyətdədir və Pakistan ərazisində mənzillənib.

Bu da məlumdur ki, Ceyş əl-Ədl sünni məzhəbinin sələfi təriqətinə aiddir və İranın şiə hakimiyyətinə qarşı mübarizə aparır.

Bundan əvvəl Tehran qruplaşmanı İranın şərqindəki Sistan və Bəlucistan ostanında dekabr ayında polis məntəqəsinə hücuma görə ittiham etmişdi.

Rask şəhərində baş vermiş hücumda 12 polis nəfəri həlak olmuşdu.

 

Azadlıq Radiosu