İnsan Hüquqları Evləri Fondu: Azərbaycan universal dövri icmalın tövsiyələrinə əməl etməlidir

Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının 55-ci sessiyasında Azərbaycanın universal dövri icmalı  qəbul edildikdən sonra martın 25-də İnsan Hüquqları Evləri Fondu hüquq-müdafiə təşkilatı Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət barədə bəyanat yayıb.

"Noyabrda Azərbaycanda vəziyyətin nəzərdən keçirilməsindən bu yana, cəmi neçə ay öncə ölkədə vəziyyət kəskin şəkildə pisləşib, o cümlədən jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı çoxsaylı siyasi motivli saxlanmalar baş verib, ittihamlar irəli sürülüb", - sənəddə deyilir.

Bu, xüsusi narahatlıq doğurur, çünki Azərbaycan 2024-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransına ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan noyabrda Bakıya səfər edəcək beynəlxalq vətəndaş cəmiyyətinin, eləcə də yerli vətəndaş cəmiyyətinin COP29-da sərbəst iştirak edə biləcəyinə dair konkret təminatlar verməlidir, bəyanatda deyilir.

Son repressiyalardan sonra Azərbaycanda siyasi məhbusların sayı 230 nəfəri ötüb. Ən tanınmış məhbuslardan biri, alim və siyasətçi Qubad İbadoğluna həyati əhəmiyyətli tibbi yardım göstərməkdən imtina edirlər. "Biz Azərbaycanı doktor Qubadı və  digər siyasi məhbusları azad etməyə çağırırıq", - İnsan Hüquqları Evləri Fondu bildirib.

Azərbaycanın universal dövrü icmal çərçivəsində götürdüyü toplaşmaq, assosiasiya və ifadə azadlığı ilə bağlı əvvəlki öhdəlikləri vəziyyətin yaxşılaşmasına gətirib çıxarmayıb.

"Biz Azərbaycanı ifadə azadlığını qorumağa, kütləvi informasiya vasitələrinin və jurnalistlərin təqiblərindən imtina etməyə, haqsız yerə saxlanılanları azad etməyə və öz qanunvericiliyinə yenidən baxmağa çağıran universal dövrü icmalın tövsiyələrinə əməl etməyə çağırırıq.

Azərbaycan universal dövrü icmalın tövsiyələrini əks etdirən islahatlar aparmalı, bütün vətəndaşların öz əsas hüquq və azadlıqlarından istifadə edə bilməsini təmin etməlidir", - bəyanatda deyilir.

 

Turan.az