İctimai fəal Nicat İbrahim məhkəmədə özünə xəsarət yetirib

Həbsdə olan ictimai fəal Nicat İbrahim məhkəmə zalında özünə xəsarət yetirib. 

Hadisə mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin zalında baş verib. Bu barədə “Azadlıq Radiosu”na fəalın yaxınları məlumat verib.

Onlar bildirib ki, məhkəmədə ekspert dindirilən zaman N.İbrahim başını saxlandığı şüşə qəfəsə çırpmaqla  ekspertin dediklərinə etiraz edib. 

Ekspert ifadəsində deyib ki, ittihama əsasən fəalın bıçaqladığı Bəhmən Əliyev adlı şəxsin qarın nahiyəsində bıçaq izləri var.

"Yalan danışırsınız, saxta rəy verirsiniz. Sizin kimilərin yalanları üzündən, mən səkkiz aydır həbsdəyəm", - N.İbrahim deyərək özünə xəsarət yetirib. Ona təcili yardım göstərilməsi üçün məhkəmə zalından çıxarılıb. 

Məhkəmə prosesi mayın 26-a təxirə salınıb. 

Fəalın həyat yoldaşı Pərvin İbrahimova “Azadlıq Radiosu”ma deyib ki, hadisə ilə əlaqədar N.İbrahimə saxlandığı Bakı İstintaq Təcridxanasında töhmət verilib. 

N.İbrahim əvvəlki məhkəmə proseslərinin birində də özünə xəsarət yetirmiş və töhmət almışdı. 

2024-cü ilin sentyabrında həbs olunan N.İbrahim Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham olunur. 

O, ittihamları rədd edir və deyir ki, Bəhmən Əliyev adlı şəxsi, ümumiyyətlə, tanımır. 

N.İbrahim 2020-ci ilin iyulunda Prezident Administrasiyasının önündə İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış və koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. Fəal o vaxt da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

O, 2017-ci ildə ağzını tikərək aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.