Hər kəs öz işi ilə məşğul olsa...

Çox zaman lazımsız fikirlərin yer aldığı ortam əsasən bekarçılıq səbəbindən baş verir. Ciddi, məsuliyyətli, eyni halda məqsədyönlü həyat tərzi, işlərin icrası lazımsız, yan təsirlərdən insanı çəkindirmiş olur.
Belə fikirlərdən biri bu günlər nəyə hesablandığı belə müəmmalı olan deputatlardan birinin söyləməsi ilə gündəm olub.
Ölkədə yetərli problem və həlli gözlənilən işlərin qarışdığı ortamda o, öz məsul olduğu işin dəyər və əhəmiyyətindən kənar çıxış edərək olduqca gülünc ifadə səsləndirib. Deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycanda, konkret olaraq Naxçıvanda yerləşən “Əshabi-Kəhf” ziyarətgahında Kəbənin eynisinin tikilməsini təklif edib. Hətta “çox dəqiq düşüncələrlə” o, həcc ziyarətinə sərf olunan məbləğin belə ölkədə qalması kimi “iqtisadi” düşüncələri də önləmiş olub.
Problemin qaynağının Milli Məclisdə ölkəni cənginə alan sonsuz problemlərə kor olan təbəqənin bekarçılıq səbəbindən bu tip fikirləri söyləməsi məsələyə deyiləsi ilk mümkün fikirdir. Əgər deputatlar heç olmasa təqdim etdikləri ərazi vahidinin problemlərinə az da olsa diqqət edib onu Milli Məclis səviyyəsinə qaldırsaydılar, şübhəsiz bu tip düşüncələrə vaxtı qalmazdı.
İlkinci məsələ yəqin ki, Qüdrət Həsənquliyev Kəbənin hansı səbəbə görə İslam dünyası üçün əhəmiyyət kəsb etməsindən xəbərsizdir. Kəbə bir şəxsin yatıb yuxuda o ərazidə Kəbə evini görməklə ucaldılan bir bina deyil. Onu müqəddəs edən İlahi əmr və lütfdür ki, Allah bunu Kəbənin ürəyində yerləşən “Həcəri Əsvəd” (endirilən qara daş) sayəsində möhürləyib.
Çox yəqin hər şeyi yalnız iqtisadi maraqlar çərçivəsində görən Həsənquliyev bütün bunlardan xəbərsizdir. Əks halda belə anlaqsız fikirlərin söyləməsinin başqa nə adı ola bilər ki?!
Bununla belə biz Qüdrət bəyə intihar edən Qarabağ Qazilərindən ölkəni sürətli tərk edən Azərbaycan vətəndaşlarının acı sosial durumu kimi öz sahəsinə aid çoxsaylı problemləri araşdıraraq o istiqamətdə hansısa prespektivli fikir söyləməyi, addım atmağı tövsiyyə edərdik.
Kəbənin harada və hansı səbəbə ibadətin edilməsi isə onun nə bilgisi, nə də düşüncəsi ilə uzlaşmayan məsələdir. Yaxşı olar o, özünə aid olam məsələlərlə maraqlansın.