Mayın 30-da Gürcüstanın müxalif “Dəyişikliklər Uğrunda Koalisiya” hərəkatının liderlərindən biri Nika Melia həbs edilib.
Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi çıxarıb.
Müxalif lider mayın 29-da Gürcüstanın Lisi gölü yaxınlığında saxlanılıb. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək Melianın girov müqabilində azadlığa buraxılması qərarını həbs-qətimkan tədbiri ilə əvəzləyib.
Siyasətçinin vəkili Georgi Kondaxișvili bildirib ki, polislər başqa cinayət işi üzrə girov müqabilində azadlıqda qalma müddətinin bitməsilə əlaqədar onu saxlamağa çalışıblar, bu zaman insident baş verib.
"Nika Melia “Vahid Milli Hərəkat” dövrü ilə bağlı parlamentin istintaq komissiyasının iclasında iştirak etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdi. Ancaq o, həmin iş üzrə girov müqabilində azadlıqda qalıb. Onun azadlıq müddəti mayın 29-da gecə saatlarında yekunlaşmalı idi. Melia əvvəlcədən ictimai şəkildə girovu ödəmək niyyətində olmadığını bəyan edib.
Əvvəlki cinayət işi üzrə girov müqabilində azadlığa buraxılma müddəti bitdiyi üçün polis əməkdaşları onu saxlamaq istəyib, bu zaman insident baş verib. İnsident polis əməkdaşlarının avtomobili başqa yerə çəkməyi tələb etməsindən sonra başlayıb və daha sonra Meliaya qarşı güc tətbiq olunub". - o bildirib.
Ötən həftə eyni səbəbdən daha bir müxalifət lideri – “Girçi – Daha Çox Azadlıq” partiyasının sədri Zurab Caparidze həbs olunub. O da parlament komissiyasının iclasında iştirakdan və 20 min lari məbləğində girov ödəməkdən imtina edib.
Hazırda girov ödəmədiyinə görə həbsdə olan şəxslər sırasında Caparidze və keçmiş müdafiə naziri İrakli Okruaşvili də var.
Müxalif qüvvələr bu həbsi siyasi motivli hesab edir və baş verənləri müxalifətə təzyiqləri gücləndirmək cəhdi kimi qiymətləndirir.
Gürcüstanın müxalif “Dəyişikliklər Uğrunda Koalisiya” hərəkatının liderlərindən biri Nika Melia həbs edilib