BMT Baş katibi Qəzzaya yardımın dayandırılmasını "mənəvi biabırçılıq" adlandırıb

BMT Baş katibi Antoni Quterreş şənbə günü Rəfah keçidinə səfəri zamanı deyib ki, Qəzzaya yardımın dayandırılması “mənəvi biabırçılıqdır.”

“Biz burada bu keçiddə, “ürəkparçalanması və amansızlığı görürük. Qapıların bir tərəfində ilişib qalan yardım maşınlarının uzun sırası, digər tərəfində isə aclığın uzun kölgəsi var,”Quterreş deyib.

“Bu faciədən də artıqdır. Bu, mənəvi biabırçılıqdır,” o deyib.

Quterreş öz qeydlərində təcili humanitar atəşkəsə çağırıb və İsraili Qəzza zolağında humanitar mallara “tam, maneəsiz çıxış” verməyə çağırıb.

Baş katibin səfəri İsrail Qəzza əhalisinin böyük əksəriyyətinin sığındığı Rəfaha böyük hücum həyata keçirməklə bağlı xəbərdarlıq etdiyi bir vaxta təsadüf edir.

ABŞ Dövlət katibi Antoni Blinken də İsraili Rəfaha hücum etməməyə çağırır. Blinken Qəzzanın cənubundakı şəhərə hücumun qarşısını almaq məqsədilə cümə günü Təl Əvivdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

“Bu, daha çox mülki vətəndaşı öldürmək riski daşıyır. Bu, humanitar yardımın çatdırılmasında daha böyük fəlakətlərə səbəb ola bilər. Bu, İsraili bütün dünyada daha da təcrid etmək və onun uzunmüddətli təhlükəsizliyini və mövqeyini təhlükə altına almaq riski daşıyır,” Blinken Netanyahu və onun müharibə kabineti ilə görüşündən sonra deyib.

Ancaq Netanyahu deyib ki, İsrailin Rəfaha hücum etmək üçün ABŞ-ın dəstəyinə ehtiyacı yoxdur.

“Mən həmçinin dedim ki, Rəfaha girmədən və oradakı qalan batalyonları məhv etmədən HƏMAS-I məğlub etməyin başqa yolu yoxdur. Və mən ona dedim ki, mən bunu Birləşmiş Ştatların dəstəyi ilə etməyə ümid edirəm, amma lazım olsa, biz bunu tək edəcəyik,” Netanyahu açıqlamasında deyib.

Blinkenin cümə günü Təl Əvivdə İsrail rəsmiləri ilə görüşü İsraillə HƏMAS arasında 7 oktyabr hücumunda ələ keçirilən girovların sərbəst buraxılması müqabilində altı həftəlik atəşkəs təmin etmək səyləri aparıldığı bir vaxta təsadüf edir. Rəfaha mümkün hücum təhlükəsi danışıqları şübhə altına alır.

Demək olar ki, altı aydır davam edən döyüşlərə fasilə verməklə bağlı beynəlxalq təzyiqlər artıb. HƏMAS-ın idarə etdiyi Qəzzada Səhiyyə nazirliyi cümə günü fələstinli ərazidə 32 070 insanın öldüyünü bildirib. BMT isə bir neçə dəfə aclığın qaçılmaz olduğuna dair xəbərdarlıq edib.

“Bu, insanın yaratdığı fəlakətdir,” Birləşmiş Millətlər Təşkilatının fələstinli qaçqınlar üzrə agentliyinin başçısı Filip Lazzarni X sosial media platformasında deyib. O əlavə edib ki, yeganə həll yolu atəşkəs və “Qəzzanı ərzaq + həyat qurtaran ləvazimatlarla doldurmaq”dır.

BMT Təhlükəsizlik Şurasının “təcili” atəşkəslə bağlı ən son qətnaməsi cümə günü iflasa uğrayıb. Belə ki, Çin və Rusiya Amerikanın təklifinə veto qoyub. Ərəb hökumətləri isə onun çox zəif olmasından şikayətlənib.

Diplomatik mənbələr bildirib ki, atəşkəsə çağıran yeni daha sərt mətn ilk öncə şənbə gününə planlaşdırılırdı ancaq əlavə müzakirələrə imkan verə bilmək üçün bazar ertəsinə təxirə salınacaq.

Diplomatların danışıqları davam etdiyi bir vaxtda, Qəzzanın ən böyük xəstəxanası olan Əl-Şifa ətrafında zorakılıqlar davam edib. İsrail qüvvələri cümə günü orada günlərlə davam edən hərbi əməliyyat çərçivəsində 170-dən çox fələstinli döyüşçünü öldürdüyünü və yüzlərlə şübhəlini həbs etdiyini bildirib.

 

Qəzza səhiyyə nazirliyi şənbə günü ilkin məlumatında gecə boyu, Qəzza şəhərinin şimalında bir evə zərbə nəticəsində ölən 10 nəfər daxil olmaqla, 67 nəfərin öldürüldüyünü bildirib.

Quterreş şənbə günü 1.5 milyon fələstinlinin sığındığı Rəfahla sərhədin Misir tərəfində yardım işçiləri ilə görüşməyi planlaşdırır.

Şəhər İsrail ilə Vaşinqton arasında mübahizə mövzusuna çevrilib.

Blinken Qətərdə danışıqları dəstəkləmək üçün regiona ən son səfəri zamanı BMT qətnaməsinin iflasa uğraması ilə bağlı da məyusluğunu ifadə edib. O, Çin və Rusiyanı “abırsızca” vetolarından istifaə etməkdə ittiham edib, HƏMAS isə öz Çin və Rusiyaya düzgün qərar verdiyi üçün minnətdarlığını ifadə edib.

 

Amerikanın Səsi