AXCP üzvünün məhkəmə iclası gizli keçirildi - Video

İyunun 13-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətini təmin etməyib. Məhkəmə iclası saat 14.15-ə təyin edilsə də saat 11-də vəkilin, ailə üzvlərinin iştirakı olmadan keçirilib. Belə ki, Asif Yusiflinin vəkili Bəhruz Bayramov, ailə üzvləri, məhkmənin qarşısına gəlib və hakimə zəng ediblər. Bu zaman hakim məhkəmənin artıq keçirildiyini bildirib.

Qeyd edək ki, AXCP üzvü Asif Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı ilə həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilir. A.Yusifli ittihamı qəbul etmir və həbsdə saxlanmasını sifariş hesab edir. Belə ki, iş üzrə zərərçəkən Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova vermək üçün A.Yusifliyə 6500 manat pul verib. Sonuncu bu pul müqabilində F.Zülfüqarovanın Ukraynada yaşayan oğluna ali təhsil almasını təşkil etməli idi. Amma sövdələşmə alınmayıb, R.Hüseynov pulu qaytarmayıb. Məhkəmənin gedişində R.Hüseynov pulu özünün aldığını, bu məsələdə A.Yusiflinin təqsiri olmadığını söyləyib. F.Zülfiqarova isə dəyən ziyani ödənildiyi üçün ərizəsini geri götürüb. Amma, Bakı Ağır Cinayətlər Məhkəməsi A.Yusiflini dələduzluq və sənədləri saxtalaşdırmaqda günahkar sayaraq 30 iyul 2015-ci il tarixdə barəsində 7 il 6 ay azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. 9 oktyabr 2015-ci il tarixdə Bakı Apellyasiya məhkəməsi ilkin instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarıb. 4 may 2016-cı ildə Ali Məhkəmə bu qərardan verilən kassasiya şikayətini təmin etməyib. A.Yusiflinin barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsi Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə təqdimatı təmin etməyib.