Rusiyanın Kiyevə kütləvi raket hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Rusiya qüvvələrinin Kiyevə kütləvi raket hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Ukrayna tərəfinin məlumatına görə, hücum zamanı Kursk, Bryansk və Voronej vilayətlərindən ballistik və hipersəs raketləri buraxılıb. Paytaxtın bir neçə rayonunda raketlərin və onların qalıqlarının düşdüyü yerlər qeydə alınıb.

Podol rayonunda raket qalıqlarının doğum evinin yaxınlığına düşməsi nəticəsində binanın pəncərələri və fasadının bir hissəsi zədələnib. İlkin məlumata görə, tibb müəssisəsində xəsarət alan olmayıb, lakin onun yaxınlığındakı dayanacaqda bir nəfər ölüb.

Dnepr rayonunda raket qalıqları 16 mərtəbəli yaşayış binasının və fərdi evlərin həyətlərinə, həmçinin inzibati binaya düşüb. Darnitsa rayonunda isə raket qalıqlarından birinin avtomobil yoluna düşdüyü bildirilib.

Son məlumata görə, yaralılardan dördü xəstəxanaya yerləşdirilib.