ABŞ Konqresi Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edən qətnamə imzalayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının 21 üzvü Azərbaycanı həbsdə olan Azərbaycan Rifah və Demokratiya Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunu dərhal azad etməyə çağıran qətnamə imzalayıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, qətnaməni fevralın 14-də Respublikaçılar Partiyasının üzvü Devid Rouzer təqdim edib, o, Azərbaycan hökumətinin İbadoğluna münasibətini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.

Qətnaməyə əsasən, İbadoğlu və həyat yoldaşı 2023-cü il iyulun 23-də saxlanılaraq polis tərəfindən fiziki təzyiqlə üzləşiblər. O, əsassız olaraq çoxsaylı cinayət əməllərində ittiham olunur və Bakı həbsxanasında son dərəcə pis şəraitdə saxlanılır. Həbsindən sonra onun səhhəti xeyli pisləşməkdə davam edib və ona lazımi tibbi yardım göstərilmir.

“Doktor İbadoğlu dəfələrlə vəkillə görüşməkdən və ədalətli məhkəmə araşdırmasından məhrum edilib. Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi, eləcə də ABŞ-ın akademik qurumları və beynəlxalq ictimaiyyət təşkilatları doktor İbadoğlunun səhhəti ilə bağlı dərin narahatlıqlarını ifadə edib və onun dərhal azadlığa buraxılmasını tələb ediblər. Doktor İbadoğlunun qanunsuz həbsi insan hüquqlarının və akademik azadlığın ciddi şəkildə pozulmasıdır”, - deyə qətnamədə bildirilir.

Müəlliflər Azərbaycanda qanunsuz həbs və azadlığın boğulması praktikasını pisləyir, doktor İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırlar.

Qətnamədə həmçinin Dövlət katibini Azərbaycan hökuməti ilə danışıqlarda doktor İbadoğlunun səhhətini və azadlığa buraxılmasını prioritet hesab etməyə çağırır.

Xatırladaq ki, Qubad İbadoğlu ötən il iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi onun ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Siyasətçi saxta pul hazırlamaqda (Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi) və dini-ekstremizm xarakterli materialların yayılmasında (167-3.1-ci maddə) ittiham olunaraq həbs edilib. Bu ittihamlar üzrə onu 17 ilə qədər həbs təhlükəsi gözləyir.

Siyasətçi ittihamları rədd edir və həbsinin siyasi fəaliyyətinə görə olduğunu bəyan edir.