Unutmayaq və unutdurmayaq

İnsan unutqan varlıqdır. Heç təsadüfi deyil ki, onun insan adlandırılması da hərfi mənada unudan olaraq səslənir ki, bu da onun unutqan olması ilə bağlıdır. Həyatın bütün hadisələri insana ibrət dolu məqamları tez-tez vərəqlədərkən ondan istədiyi də xatırlaması və diqqətli olması səbəbindəndir. Buna görə də bəşərin unutqanlıq bəlası zamanla çox acı fəsadlara yol açır ki, bəzən onun bərpası belə mümkün olmur.
Namazın gün ərzində dəfələrlə sadaladığı və İlahi xatırlatma olaraq insanın diqqətinə yönəli kəlmələri də ilk növbədə unutma acısından irəli gəlir. Bunun üçün əməli xatırlatmalar, İlahi övliyalar, Peyğəmbərlər, İmamlar xatırladaraq diqqət və dəqiqliyə çağrış edir.
Azərbaycan tarixində unutduğumuz və unudulmağa məcbur edildiyimiz, həqiqətinin dəyişdirilərək reallığını yaddaşımızdan sildiyimiz həqiqətlər bu gün bir çox arzulanmayan sonluqları xalq olaraq başımıza gətirib. Biz düşmənin məkrli planını, dağıdıcı siyasətini, milli dəyərlərimizə qarşı üsyanını, dinimə qarşı mübarizəsini, əxlaqımıza qarşı aşağılayıcı addımlarını gördüyümüz, dərk etdiyimiz halda zamanla bunu unutduq və unutdurulduq. Heç təsadüfi deyil ki, bu gün bütün qonşu dövlətlərə “pay” verilən torpaqlarımızın ərmağan olunaraq “hədiyyə” edilməsi, ardından siyasətin eyni ssenari üzərindən davamı unudulmuş dəyərlərin acı nəticəsidir. Dünən unutduqlarımızın bu gün acı və üzücü nəticələrini yaşadığımız bir ortamdayıq. Bu gün isə unutdurulmağa çalışılan dəyərləri qorumaq sabahın unudularaq acı çəkmək ağrısını önləyə bilər deyə, çalışaq, unutmayaq və unutdurmayaq.
26 fevral Xocalı faciəsinin ildönümüdür. Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan xalqına qarşı baş vermiş soyqırımıdır. Hadisə zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
 
 
MBH