Ukrayna sülh formulu Davos forumunda gündəmdədir

Bazar günü Davosda Dünya İqtisadi Forumunun açılışı çərçivəsində forumun iştirakçısı olan ölkələrin hökumətlərinin milli təhlükəsizlik müşavirləri səviyyəsində iclası keçirilib. Görüş zamanı Ukraynanın təklif etdiyi Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün nəzərdə tutulmuş “sülh formulu” nəzərdən keçirilib.

Həftənin sonunda Davosda Dünya İqtisadi Forumunda (WEF) çıxış edəcəyi gözlənilən Ukrayna prezidenti Volodimir Zelenski 81 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsinin iştirak etdiyi ilk səhər sessiyasına qatılmayıb.

Bazar günü keçirilən danışıqlarda Zelenskini Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak təmsil edib. Danışıqlarda ABŞ-ın Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzker və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn iştirak ediblər.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibi Antoni Blinkenin bazar ertəsi rəsmi olaraq işinə başlayacaq Dünya İqtisadi Forumunda çıxış edəcəyi gözlənilir.

İsveçrə daha əvvəl bəyan edib ki, Ukrayna üzrə sülh danışıqlarının məqsədi milli təhlükəsizlik müşavirləri səviyyəsində “Ukraynada davamlı və ədalətli sülh” prinsiplərini inkişaf etdirməkdir. Keçən həftə açıqlanan sənədə görə, bu prinsiplər, sülh prosesinin növbəti mərhələləri üçün əsas təşkil etməlidir.

Bu dəfə Davos forumunun diqqət mərkəzində Ukraynada sülh formuluna dair danışıqlarda Qlobal Cənubun rolu məsələsi durur. Forumda Afrika, Latın Amerikası, Yaxın Şərq və Asiyanın əvvəllər bu məsələ ilə bağlı əsasən danışıqlardan kənarda qalan bir çox ölkəsi təmsil olunacaq.

Görüşdə Nigeriyanın milli təhlükəsizlik müşaviri Nuhu Ribadu iştirak edib. Andriy Yermak toplantıya Asiyanın 18, Afrikanın 12 və Cənubi Amerikaınn 6 ölkəsinin nümayəndələrinin qatıldığını bildirib.

“Qlobal Cənub ölkələri bizim işimizdə getdikcə daha çox iştirak edirlər”, Ukrayna Prezidentinin Aparatının rəhbəri qeyd edib.