“Tubzon”da oğluma saxlanılan andan aldığı işgəncənin davamı yaşadılır

Sosial şəbəkələrdə mütəmadi olaraq Tale Bağırzadənin azadlığa buraxılmasını tələb edən 18 yaşlı gənc Murad Yarıyev 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəsisəsinə (Tubzon) köçürülüb.
Bu barədə məlumatı Murad Yarıyevin anası verib.
Onun bildirdiyinə görə bir neçə gün öncə onunla əlaqə saxlayan Murad anasına deyib ki, o,hal-hazırda Tubzondadır. İki dəqiqəlik sürən telefon zəngində gənc bildirib ki, cəza çəkdiyi müəssisədən onun ağzına maska taxıb, zorla Tubzona gətiriblər və burada ciddi təzyiqlərə məruz qalıb.
Ötən ilin oktyabrında cəza aldıqdan sonra Murad, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılmışdı. İki gün öncə müəsisə rəhbərliyi ona bildirib ki, onun yeri dəyişdirilməlidir. Günün ikinci yarısında isə Yarıyev məcburi olaraq Tubzona gətirilib. Anası onun zəngi səbəbindən İstintaq Təcridxanasına gəlsə də, ona bildiriblər ki, Murad burada din təbliğatı apardığı üçün Tubzona köçürülüb. Bunun nə qədər hüquqi addım olmasına aydınlıq verilmədiyini görən ana 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəsisəsinə gedib.
3 saylı İxtisaslaşdırılmış Müalicə Müəsisəsi rəhbərliyi Anaya bildirib ki, oğlunda heç bir xəstəlik aşkarlanmayıb. Lakin qanuna müvafiq olaraq o, burada qalmalı və bütün presedur qaydalardan keçməlidir.
Ana oğlunun vəziyyətindən narahatdır. Zatən şərlənərək həbs olunan zaman dəhşətli işgəncələrə məruz qalan Muradın yaşadığı acılara, üstəlik bu xəstəxanada xəstəliklərin əlavə olunma ehtimalı da ananı çıxılmaz hala gətirib.
Xatırladaq ki, 2022-ci ilin oktyabırında sosial media üzərindən Tale Bağırzadəyə qarşı atılan təxribat addımlara etiraz edərək Murad Yarıyev geniş statuslar paylaşmışdı. Onun paylaşımlarından həmən sonra 18 yaşlı gənc Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən saxlanılmış və barəsində narkotik ittihamı ilə cinayət işi başlanmışdı. 2023-cü ilin yayında başlayan məhkəmə iclası zamanı o, BMCMİ-də ağlasığmaz işgəncələrə məruz qaldığını bildirərək ondan məcburi ifadə alinmasını söyləmişdi. Lakin bütün bunlara baxmayaraq oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi Murad Yarıyev barəsində narkotiklərlə bağlı ittihamı əsaslı sayaraq onu 3 il müddətinə azadlıqdan mərhum etmişdir.