Suriyada Amerika hərbi bazası boşaldılır

Suriyanın şimalındakı Həsəkə əyalətindəki ABŞ-ın Hemo hərbi bazası İraq müqavimət qruplarının təkrar hücumları səbəbindən boşaldılır.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi mənbələrə istinadən məlumat yayıb.

Yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ordusunun İraq Kürdüstanı və Suriyadakı hədəflərə 20-dən çox ballistik raket atdığını elan edib . Bəyanatda qeyd olunub ki, əməliyyat çərçivəsində İran hərbçiləri müxtəlif tipli 24 ballistik raketdən istifadə etməklə hədəfləri dəqiq vurub və məhv ediblər.

Bundan əvvəl Ağ Ev İranın İraq Kürdüstanının inzibati mərkəzi Ərbil şəhərinə hücumunu “ehtiyatsızlıq” və “qeyri-dəqiq” adlandırmışdı. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Adrienne Watsonun bəyanatına istinadən məlumat verilib. O qeyd edib ki, Ağ Ev İraqın yüksək səviyyəli rəsmiləri və Kürdüstan rəsmiləri ilə əlaqə saxlayır.