Sıra kimdədir?

"Ülvi, Sevinc, Nərgiz, Əziz, Elnarə və digərləri. Hər biri jurnalist yoldaşlarımızdır. Hər həftə bir yoldaşımız, həmkarımız həbs olunur. Hərdən aramızda zarafat da edirik ki, sıra kimdədir?
Gülürük, həm də narahatıq. Narahatıq ona görə ki, qarşımızda bütün resursları ilə hücuma keçən bir rejim var. İstədiyi şəri atır, səninlə istədiyi kimi davranır, hüquqa yox, sifarişə xidmət edir - Vətən dediyimiz məmləkəti idarə edənlər.
Həbs olunan dostlarımızın tək "günahı" odur ki, hakimiyyətin mirzəsi olmaq istəmirlər, biz də istəmirik.
İllərdir ölkə talanır, bu ölkəni idarə edənlər daha da sərvətlənir. Biri təyyarə alır, digəri 2 milyona saat. Bəs sadə vətəndaş?!
Ay ərzində onlarla şikayət gəlir. Hər yerə çatdırıb getmək olmur. Həmkarımla bir xanımın şikayətini işıqlandırmağa getmişdik. Daxmada yaşayan 26 yaşlı qadın və 4 uşağın çarəsizliyi adamın ürəyini parça-parça edirdi. Daxmadan çıxanda evdəki uşaqlardan biri bizi maşını saxladığımız yerə qədər müşayiət elədi. Maşına çatanda nahar üçün aldığımız burger, şirniyyatları uşağa verdik. Uşaq məsumcasına, sevincdən gözləri dolmuş vəziyyətdə idi. Bəlkə də uşaq heç vaxt o şirniyyatlardan yeyə bilməmişdi, bundan sonra da yeyə bilməyəcəkdi. Uşaq qaça-qaça daxmaya gedəndə dostumun gözlərinin dolduğunu gördüm. Qəhər boğazımı hər keçən saniyə daha da boğurdu.
İttihamlarda, yerli mediada dostlarımızı, bizləri hansısa ölkələrlə bağlayırlar, yazırlar, deyirlər ki, kimlərəsə xidmət edirik. Doğru yanaşma deyil. İstər həbs olunan yoldaşlarımız, istərsə də bizlər hansısa ölkələrin maraqlarına yox, Azərbaycan xalqının arzularına xidmət edirik. Həmin daxmada böyüyən 4 uşağın arzularında isə qaçaqmalçılıq yoxdur".

 

Jurnalist Fərid İsmayılov