Ruhani Ruslan Ağayevin məhkəməsi davam edib

Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Ruslan Ağayevin növbəti məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan bu məhkəmədə şahidlər dindirilib. Polis  əməkdaşı Əmrə Şıxıyev ifadə verib. O, öz ifadəsində bildirib ki: “Biz Ağayev Ruslanı şəhərin mərkəzdə həbs edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıq və idarədə üzərinə baxış keçirən zaman üzərindən külli miqdarda narkotik aşkar etdik.”

Ruslan Ağayevin vəkili Zibeydə Sadığova ona: “Nə üçün onun yerindəcə uzərinə baxış keçirtməyib idarəyə apardınız?” sualına Əmrə Şıxıyev: “Ətrafda çoxlu adamlar var idi, ona görə uzərinə baxış keçirə bilmədik” deyib.

Onun bu sözünə etiraz edən Ruslan Ağayev, Əmrə Şıxıyevə: “Sən özün də bilirsən ki, mənim heç bir günahım yoxdur, məni sifarişlə həbs etmisiz və mənim üzərimdə heç nə olmayıb. O, narkotiki özünüz qoymusuz və mənim haqqım olan azadlığımı əlimdən almısız. Azyaşlı övladımın yanında qollarıma qandal vurmusuz və övladımla məni görüşməyə qoymayanda, onu gözü yaşlı qoyanda heç vicdanınız sızlamadımı?” soruşanda o, susub və başını aşağı salıb.

Ardınca ikinci şahid qismində digər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ)  əməkdaşı dindirilib. Birinci şahidin dediklərini ikinci şahid də təkrar edib.

Onu dinləyən hakim Novruz Kərimov Ruslana: “Şahidin dedikləri doğrudur?” deyə soruşub. Ruslan: “Xeyr, doğru deyil. Bu şahidləri ilk dəfə mənə işgəncə verəndə görmüşəm və cibimə narkotiki bunlar qoyub. Mənə işgəncə verərək deyirdilər ki, əgər bu narkotikin sənin olduğunu qəbul edib kağıza qol çəkməsən ailəni bura gətirəcəyik” cavab verib.

Hakim Ruslana: “Bunların sizinlə nə şəxsi qərəzliyi var ki, sizə şər atsınlar?” Ruslan: “Mən də başqa dindarlar kimi ölkədə şiələrə qarşı olan repressiyanın qurbanıyam” deyib.

Növbəti məhkəmə fevralın 8-nə təyin olunub.

Artıq aylardır sürən inanclılara qarşı həbs dalğası artıq yüzlərcə inanclını azadlıqdan məhrum edib ki, onların içində 50-dən artıq ruhani yer alıb.