Rüfət Səfərovdan dəhşət doğuran ifşaedici məlumat

"Müasir dövrdə Suriyada siyasi məhbusların rüşvət müqabilində azadlığa buraxılması barədə xəbərləri oxumuşuq. Təbii, sərt idarəetmələrin hökmran olduğu digər dövlətlərdə də analoji meyllər ola bilər. Heç demə, Azərbaycanda da bənzər təcrübə varmış.
Təxminən 3 saat qabaq həbs olunmuş dindar ailələrindən biri mənimlə əlaqə saxlayıb bunları bildirdi: “ Rüfət bəy, bildiyiniz kimi, axır zamanlar həbs edilmiş dindarlar əsasən 3 il, ya da ondan bir qədər çox müddətə azadlıqdan məhrum edilirlər. Deyəsən, hökumət yumşalıb. Hazırkı dövlət siyasəti bundan ibarətdir. Lakin bir neçə halda vəkillər alver edirlər, hakimin pul istədiyini bildirirlər. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə tövsif edilməsi üçün vicdan məhbuslarının ailələrindən pul alıb, hakimlərə ötürürlər. Ən azı dörd epizodda belə bir “anlaşma” baş tutub”.
Dostlar, əlbəttə, mənimçün, yəqin elə bir çoxlarınızçün də yeni xəbərdir.
Araşdırdım, etibar etdiyim həmkarlarla, vəkillərlə danışdım və belə bir cavab aldım: “Bu, təzə xəbər deyil, sadəcə, sən ilk dəfədir eşidirsən və ictimailəşməyib”.
İşin mahiyyətini daha da açmaqçün bəzi hüquqi məsələləri izah edim:
Demək, son dövrlər ərzində həbs edilən dindarlar Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir-külli miqdarda törədikdə. Həmin maddə 5 ildən 12 ildək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Lakin qeyd etdiyim kimi, cari durum nisbətən yüngülləşib ki, bunu da, təbii, hakimiyyətin dəyişən hüquq siyasəti müəyyənləşdirib.
Niyə belə olub?
Görünür, Azərbaycanla İran arasındakı münasibətlər sistemi əvvəlki aylarla müqayisədə yumşalıb.
Hazırda aparılan məhkəmə istintaqları üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə ittiham hökmləri elan edilir. Həmin maddə 3 ildən 8 ildək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Son məhkəmə təcrübələri göstərir ki, dindarlar bir qayda olaraq 3-4 il azadlıqdan məhrum edilir.
Müdafiəsiz və çarəsiz vəziyyətdə olan bəzi ailələr də alverçi vəkillərin tələsinə düşürlər.
Binəva ailələr təqsirsiz əzizlərinə hər vəchlə tez qovuşmaq istəyirlər...
Yuxarıda göstərdiyim kimi, vəkillər ailələrə deyiblər: “Hakimi maraqlandırmaq lazımdır...”
Ailələr də borca-xərcə düşüb pul tapıblar, vəkilə veriblər.
Hazırda ailələr məsələnin mahiyyətini tam anlayıblar, pullarını geri istəyiblər, əks təqdidə problemi ictimailəşdirəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.
Son məlumat budur ki, bir epizodda 12 min manat geri qaytarılıb. Min təəssüf ki, adların və soyadların çəkilməsi ilə bağlı ailələri razı sala bilmirəm. Lakin hazırkı posta Baş prokuror cənab Kamran Əliyevin, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevin, daxili işlər naziri Vilayət Eyvazovun diqqətlərini cəlb edirəm.

Araşdırmanın davamı olacaq.
Bu postu oxuyan dostlardan bir ricam var: mümkünsə paylaşın".