Prokuror Əvəz Zeynallının 10 il azadlıqdan məhrum edilməsini istəyib

Yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı və Səda TV-nin əməkdaşı Elnur Şükürovun işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib.

O, məhkəmədən Əvəz Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib.

Eyni zamanda, prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb.

Prokuror Elnur Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib.

Vəkil Aqil Layıc Amerikanın Səsinə açıqlamasında bildirib ki, Əvəz Zeynallı "rüşvət almaq" maddəsilə cəzalandırıla bilməz, çünki o, vəzifəli şəxslərin hərəkətlərinə aiddir, Zeynallı isə vəzifəli şəxs deyil:

"Sual verilə bilər ki, bəlkə onun adına olan MMC ilə bağlıdır. Lakin həmin MMC-nin Əvəz Zeynallının jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Sadəcə mətbəə təşkil etmək kimi niyyəti olub. Bu da baş tutmadığı üçün sadəcə şirkət yaradılıb, fəaliyyəti isə yoxdur. Bütün ittihamları onunla əlaqələndirmək absurddur".

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Amerikanın Səsinə açıqlamasında bildirib ki, Əvəz Zeynallı jurnalist fəaliyyətinə görə həbsdədir:

"Əvəz bəy dönə-dönə dedi ki, bu, mətbuat işidir, məqsəd isə mənim susdurulmağımdır. Prokuror 10 il iş istədi, onun 3 ilini, ümumiyyətlə, media fəaliyyəti ilə məşğul olmamalıdır. Əgər burada rüşvətdən söhbət gedirsə, Əvəz Zeynallıya rüşvət cəzası verilibsə o, həmin cəzanı çəkə də bilər, jurnalistika ilə məşğul ola da bilər. Deməli, məsələ tamamilə Əvəz Zeynallının mətbu fəaliyyətidir".

Növbəti məhkəmə iclası yanvarın 26-na təyin edilib.

"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı ötən il sentyabrın 9-dan, "Səda TV"nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunurlar.

Amma jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.

 

Amerikanın Səsi