İstanbul danışıqları heç 2 saat çəkməyib

Son üç ildən artıq bir müddətdə Rusiya və Ukrayna arasında ilk birbaşa sülh danışıqları tez bitib. Məhbus mübadiləsi üzrə razılaşmadan başqa elə bir proqres baş verməyib. Ukrayna rəsmiləri Rusiyanı "qəbuledilməz" tələblər irəli sürməkdə ittiham edib.

Türkiyə rəsmiləri İstanbuldakı danışıqların başlayandan 90 dəqiqə sonra bitdiyini deyiblər. AFP Ukrayna rəsmisinə istinadla yazıb ki, mayın 16-da əlavə danışıqlar mümkündür, amma "indilik, planlaşdırılmır".

Tərəflər yaxın gələcəkdə hər iki tərəfdən min əsiri dəyişdirməyə razılaşıblar. Bu, Rusiya 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalına başlayandan ən böyük əsir mübadiləsi ola bilər.

"Reuters" adını çəkmədiyi Ukrayna mənbəyinə istinadla yazır ki, Rusiya nümayəndə heyəti "reallıqdan uzaq" tələblər irəli sürüb.

AFP Ukrayna mənbəsinə istinadla qeyd edir ki, bu tələblərdən biri atəşkəsdən ötrü Ukraynanın qüvvələrini özünə aid böyük ərazilərdən çıxarması olub. Görünür, bu, Rusiyanın qismən işğal etdiyi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinə aiddir.

Rusiya heyətinin başçısı Vladimir Medinski ölkəsinin ümumilikdə nəticədən məmnun qaldığını söyləyib.