Əkrəm İmamoğlu barəsində bu dəfə 'siyasi casusluq' ittihamı ilə həbs qərarı çıxarılıb

Türkiyədə məhkəmə İstanbul Böyük Şəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu barəsində "siyasi casusluq" şübhəsi ilə daha bir formal həbs qərarı çıxarıb. Bu barədə oktyabrın 27-də "Anadolu" dövlət agentliyi məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqiblərindən sayılan İmamoğlu martdan bəri korrupsiya ittihamı ilə bağlı həbsdədir. Ona iyulda İstanbul baş prokuroruna qarşı təhqir və hədəyə görə əlavə həbs cəzası kəsilib.

İmamoğlu barəsindəki bütün ittihamları rədd edir.

Casusluq ittihamını isə o, bazar günü, oktyabrın 26-da məhkəmədə, həmçinin cümə günü həbsxanadan verdiyi açıqlamada təkzib edib.

"Belə bir böhtan, yalan və sui-qəsd şeytanın ağlına belə gəlməzdi! Biz sözlə, ifadə edilməyəcək qədər utandırıcı bir ədəbsizliklə üz-üzəyik!", – o, X platformasında yazıb.

"Anadolu" xəbər verir ki, İstanbul məhkəməsi gecə saatlarında İmamoğlu və daha iki nəfər, o cümlədən "Tele1" xəbər kanalının baş redaktoru Mərdan Yanardağ haqqında həbs qərarı çıxarıb.

Hökuməti tənqid edən "Tele1" kanalı oktyabrın 24-də qəyyum təyini ilə dövlətin nəzarətinə verilib. Rəsmilər bu addımı casusluq ittihamları ilə əsaslandırıblar.

Məhkəmənin son qərarına görə, İmamoğlu "prezidentliyə namizədliyi üçün vəsait toplamaq məqsədilə korrupsiya" və "beynəlxalq dəstəkdən ötrü də casusluq" fəaliyyətində ittiham olunur.

İmamoğlunun təmsil etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) yüzlərlə üzvü və bələdiyyələrə seçilmiş təmsilçiləri korrupsiya ilə bağlı müxtəlif ittihamlarla üzləşib. Partiya bu prosesləri siyasi motivli və antidemokratik adlandırır. CHP korrupsiya iddialarını hökumətin Ərdoğanın potensial seçki rəqiblərini aradan qaldırmağı hədəfləyən siyasi gedişləri kimi qiymətləndirir. Hökumət bu ittihamları rədd edir.