Qazaxıstan buğdasının ilk partiyası yaxın günlərdə Aktau–Bakı dəmir yolu vasitəsilə Azərbaycandan, daha sonra isə Gürcüstan üzərindən Ermənistana çatdırılacaq. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan oktyabrın 21-də “Facebook” səhifəsində məlumat verib. O, paylaşımına qısa şəkildə “Sülh bərqərar olub” qeydi də əlavə edib.
Bundan əvvəl Prezident İlham Əliyev elə həmin gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan Ermənistanla yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb:
“Azərbaycan Ermənistan istiqamətində yük tranzitinə dair işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri ləğv edib. İlk belə tranzit yük isə Qazaxıstan buğdasının Ermənistana daşınmasıdır. Bu, sülhün artıq təkcə kağız üzərində deyil, praktik olaraq da mövcud olduğunun göstəricisidir”.
Azərbaycan Prezidentinin bu açıqlaması Yerevanda da müsbət qarşılanıb. Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, hökumət Əliyevin bəyanatını alqışlayır.
Eyni zamanda, Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan da “Armenpress” agentliyinə açıqlamasında qərarı yüksək qiymətləndirib:
“Azərbaycan Prezidentinin Ermənistan istiqamətində yük daşımalarına dair məhdudiyyətlərin aradan qaldırılması barədə qərarını məmnuniyyətlə qarşılayıram. Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstanlı həmkarlarımın bu istiqamətdəki səylərini yüksək dəyərləndirirəm”.
Qazaxıstan buğdasının Ermənistana Azərbaycan ərazisi vasitəsilə daşınması Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və sülh prosesi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Azərbaycan Ermənistan istiqamətində yük tranzitinə olan bütün məhdudiyyətləri ləğv edib