Nurlan Libre: Mən həqiqəti insanlara çatdırdığım üçün həbsdəyəm

“Meydan TV işi“ üzrə həbsdə olan jurnalist, “Portağal Media” saytının direktoru Nurlan Libre (Qəhrımanlı) Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayıb.

“Toplum TV“ məktubu olduğu kimi təqdim edir:

“Həbs edilməyimin üzərindən səkkiz ay keçməsinə baxmayaraq, necə saxlanıldığımı hələ də yaxşı xatırlayıram.

Səhər saatları idi, Nərimanovda dostumun evindən çıxırdım. Həmin gün onsuz da həbs olunacağımı bilirdim. Planım isə hazırladığım sonuncu reportajı “Meydan TV”-yə təhvil vermək və azadlıqda keçirdiyim son saatları sevdiyim insanlarla birgə yaşamaq idi.

Düşünürdüm ki, polislər məni yaşadığım məhəllədə, Sumqayıtda gözləyirlər. Elə buna görə bir həftə idi ki, rayonlarda sərgərdan gəzib reportaj hazırlayırdım. Təəssüf ki, polis məni elə Nərimanovda - dostumun yaşadığı məhəllədə gözləyirmiş.

Üzərimə maskalı üç polis hücum etdi və məni yerindəcə qandalladılar. Kameranı əlimdən aldılar.

Həmin an uzunmüddətli həbs olunacağımı bilirdim, amma qorxmadım. Yeganə düşündüyüm o idi ki, günlərlə əziyyət çəkib hazırladığım reportaj polisin əlinə keçdi. Bu gün də peşmanam ki, onu redaksiyaya təhvil verə bilmədim.

Həbs olunduğum ilk gündən bu günə qədər bir dəfə də olsun “Meydan TV” ilə əməkdaşlıq etdiyimə görə peşman deyiləm. Həbsxana kartımda “Meydan TV”, “jurnalist”, “nəzarət” sözləri yazılıb. Hər dəfə bu sözləri oxuyanda bir daha fəxr edirəm, çünki mən həqiqəti insanlara çatdırdığım üçün həbsdəyəm.

Zindanda insanın düşünməyə çox vaxtı olur. Mən kiməm? Burada nə işim var? Azad mətbuat uğrunda apardığım mübarizənin dəyəri varmı?

Hadisələrə realist baxaq: 2003-cü ildən bu yana müxalifətin və vətəndaş cəmiyyətinin sistematik şəkildə məhv edildiyi, media orqanlarının bağlandığı bir ölkədə bir qrup idealist jurnalistin həqiqəti çatdırmaq mübarizəsinin nə mənası ola bilər?

Bəlkə, bu gün “Abzas”çıların, “Toplum”çuların və “Meydan”çıların həyatlarının bir hissəsini həbsxanada keçirməsi nəticə verməyəcək. Bəlkə, Əliyev rejimi daha da sərtləşib ölkəni mədəni dünyadan təcrid edəcək. Amma bir gün tarixçilər geriyə baxanda görəcəklər ki, ən çətin zamanlarda belə bir qrup jurnalist və ictimai fəal nikbinliyini itirmədi və bizə tarixdə layiq olduğumuz yeri verəcəklər.

Bəzən İlham Əliyevə “təşəkkür” etmək keçir içimdən. Çünki bizi dilsiz quyuya atıb üstümüzə beton tökmək əvəzinə “mərhəmət” göstərib 8-12 illik həbs cəzası ilə kifayətlənir. 

Prinsipcə, bizə qarşı daha ağır addımlar ata bilərdi - buna mane olacaq nə institut var, nə də beynəlxalq təsir. Dövlətin sevimli müttəfiqi İsrail hər gün Qəzzada jurnalist öldürür.

“Meydan TV”-də “Azərbaycanda siyasi qətllər tarixi” adlı bir məqalə yazmışdım. Onu oxusanız, görərsiniz ki, rejimə qarşı çıxdığı üçün nə qədər insan qətlə yetirilib və qatilləri hələ də azadlıqdadır. 

Hələlik Əliyevi tənqid edən jurnalistləri uzaq başı qapısının ağzında güllələyirlər (bax: Elmar Hüseynovun qətli).

Repressiya dalğası bu templə davam etsə, növbəti on ildə bizi həbs edən polislər artıq məhkəməyə çıxarmağa belə ehtiyac görməyəcəklər - elə birbaşa başımıza güllə çaxıb Xəzər dənizinə atacaqlar. Bu sizə distopik roman səhnəsi kimi görünə bilər, amma on il əvvəl kiməsə desəydilər ki, Azərbaycanda jurnalistlərə qarşı kütləvi repressiya başlayacaq, heç kim inanmazdı.

“Meydan TV” təkcə media platforması deyil, həm də gənc jurnalistlər üçün bir məktəbdir. Azərbaycanda az sayda media qurumu var ki, reportyorlarına “Meydan TV” qədər azadlıq versin. Bir zamanlar orada işləyən onlarla jurnalist bu gün beynəlxalq media orqanlarında fəaliyyət göstərir. Elə buna görə də həbsxana rəhbərliyi və dustaqlar Aynura (red: Aynur Elgünəş) “müəllimə” deyə müraciət edirlər.

“Meydan TV”-nin jurnalistlərinin həbs olunduğu 6 dekabr tarixində redaksiyaya yazıb bildirmişdim ki, mən yoldaşlarımın işini davam etdirmək istəyirəm. Bunu ona görə etməmişdim ki, həbsxana həyatına can atıram - bu, mənim üçün prinsipial məsələ idi. Dövlətin məqsədi “Meydan”çıları həbs etməklə kanalı susdurmaq idi. 

Mən isə bu arzunu həyata keçirməyə qoymadım. Dostlarımın yarımçıq reportajlarını tamamladım və vicdanım qarşısında rahatam ki, onların həbsinə baxmayaraq təslim olmadım.

Kürdəxanıda tez-tez vaxtilə barəsində reportaj hazırladığım dustaqlarla qarşılaşıram. Bəziləri məni tanıyır, bəziləri ilə tanış oluram. Verdikləri ilk sual: “Bəs səni niyə tutublar?” olur. Cavabım isə eynidir: “Haqsız həbslərə göz yummadığım üçün buradayam.”

Burada gördüyüm mənzərə acınacaqlıdır. Hər gün saysız-hesabsız insan “narkotik” və “silah” ittihamları ilə şərlənir. Bizim çəkdiklərimiz ümumi mənzərənin heç 1 faizini belə təşkil etmir.

Bu haqsızlıqlara göz yummayacağıq. Zindandan yazmağa davam edəcəyəm. Meydandayıq!”
Nurlan Libre bu ilin fevralında “Meydan TV işi” üzrə saxlanılıb və ona qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. O, ittihamları qəbul etmir və peşə fəaliyyətilə əlaqələndirir.